İlahiyyatçı Hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində Qədir-Xum bayramı münasibətilə təbrik paylaşıb.
Onun sözlərinə görə, insan və cəmiyyətlə bağlı bütün rasional nəzəriyyə və modellərin böhran yaşadığı bir dönəmdə qəlbimizin ehtiyacları daha aydın hiss olunur. "İnsanın özü və ətrafı ilə münasibətləri artıq qəlbdən qaynaqlanmalıdır. Adət-ənənənin də, instinktlərin də, ağılın da dili insan üçün anlaşılmaz olur getdikcə, insan qəlb dili ilə danışmaq istəyir. İnsan sadəcə özü olmaq və hamıya özü kimi yanaşmaq istəyir. İnsani özün üstünə yığılmış izafi "özlər" tarix boyu əziyyət və məşəqqətdən başqa heçnə yaratmadısa, deməli xoşbəxtliyin yolu həqiqi özə qayıtmaqdan keçir. Bu özünəqayıdış ilahi övliyaların, ilahi vilayətin yeganə hədəfidir", - deyə ilahiyyatçı yazıb.
"Bu gün Qədir-Xum bayramıdır. Vilayət, yəni özünəqayıdış bayramı. Qəlblərə qəlb dilində səslənən, qəlbləri fəth edən övliyaların bayramı. Allah bu bayramı hamımıza mübarək etsin və vilayətə olan bağlılığımızı artırsın!
Bayramınız mübarək!", - deyə Hacı Şahin Həsənli müsəlmanları təbrik edib.
Qeyd edək ki, bu il Qədir-Xum bayramı avqustun 30-na təsadüf edir. Həmin gün Allahın elçisi (s) vida həccindən qayıdarkən Qədir-Xum adlanan yerdə həzrət Əlini (ə) vəsisi olaraq təyin edir və məşhur "Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır" kəlamını söyləyir. Bu hadisədən sonra "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim" ayəsi ilə Qurani-Kərimin nazil olunması başa çatır.
hacishahin.az