İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Konfransının qərarı ilə keçən ildən elan olunmuş 3 sentyabr “İƏT Gənclər Günü” ilə bağlı, dünən Marriott Abşeron otelində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşklatçılığı ilə diplomatik qəbul təşkil edilib. Qeyd edək ki, qəbulda ilahiyyatçı hacı Şahin Həsənli də iştirak edib.
Bayram tədbirində çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov qonaqları salamlayaraq təmsil etdiyi təşkilat haqda geniş məlumat verib.Bildirilib ki, qurum Azərbaycan və Türkiyə dövlət başçılarının dəstəyi və yardımı ilə təsis edilib. səfir E. İsgəndərovun məlumat verib ki, 3 sentyabr 2006-cı il tarixində İstanbulda İƏT Gənclər Forumunun Baş Qərargahının Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin o zamankı baş naziri cənab Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə açılışı olub və gün “İƏT Gənclər Günü” elan edilib. Forumun 2004-cü ildə Azərbaycan Prezidentinin himayəsi altında yarandığını qeyd edən natiq ölkəmizin bu beynəlxalq təşkilata verdiyi önəmi yüksək dəyərləndirib. Məhz Prezident İlham Əliyev İƏT gəncliyinə verdiyi davamlı dəstək və qayğıya ğörə l bu il “Gəncliyin Hamisi” fəxri nişanı ilə təltif edilib. Daha sonra qeyd olunub ki, Forum BMT Sivilizasiyaların İttifaqı Qlobal Gənclər Hərəkatı, Xocalıya Ədalət, İƏT Gənc İş Adamları Şəbəkəsi, Beynəlxalq İƏT Modeli Təhsil layihəsi, İƏT Start Up Platforması, İƏT Gənclər Paytaxtı kimi proqramları həyata keçirib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Fələstin səfiri Nasir Abdulkərim, bu ilin aprel ayında Bakıda keçirilən İƏT Gənclər və İdman nazirlərinin 4-cü Konfransında İƏT tarixində ilk dəfə olaraq qəbul edilən Gənclər Strategiyasının Azərbaycan hökumətinin İƏT gənclər siyasətinə verdiyi mühüm töhfə adlandırıblar.
Tədbirdə Bakıda akkreditə olunmuş səfirliklər, beynəlxalq təşkilatların, dövlət qurumlarının rəhbərləri, gənclər təşkilatları və media nümayəndələri iştirak edib. Forumun xatirə mükafatları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, “Xocalıya Ədalət” Beynəlxalq təşviqat kampaniyası, Trend İnformasiya agentliyi və digər qurumlara təqdim edilib.
Tədbir muğam konserti və ziyafətlə davam edib.
hacishahin.az