XƏBƏRLƏR

Məhərrəm ayı ilə bağlı QMİ-də toplantı

05 Sentyabr 2018 2489

Məhərrəm ayının başlanması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində toplantı keçirilib. 

 

Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib. Onun sözlərinə görə, Azərbaycan bütün din nümayəndələrinin rahat və təhlükəsiz yaşadığı bir məkandır və bu model dünya ölkələri üçün örnəkdir. Azərbaycanda sağlam düşüncəli insanların çox olduğu üçün ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmaq mümkün deyil. Dünyada İslam dininə xələl gətirmək istəyən qüvvələr var. Azərbaycan hər zaman bununla mübarizə aparıb və İslam həmrəyliyinə böyük töhfə verib.

 

Daha sonra QMİ Qazilər Şurasının məhərrəm ayı ilə bağlı fətvası oxunub. Fətvada qeyd olunub ki, bu il məhərrəm ayı sentyabrın 11-i daxil olur, Aşura günü isə sentyabrın 20-sinə təsadüf edir.  Kərbaəla hadisəsinin mahiyyəti haqda söz açılan fətvada bildirilib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd olunmalıdır. Habelə, Konstitusiyaya zidd və dövlətçilik əleyhinə yönəlik hər hansi bir sui-istifadələrin yolverilməzliyi vurğulanıb.

 

"İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur", - deyə fətvada bildirilib.

 

Qeyd edək ki, ilahiyyatçı-alim Hacı Şahin Həsənli də toplantıda iştirak edib.

 

 

 

hacishahin.az