Milli.Az xəbər verir ki, Türkiyədə İstanbul şəhərdə ezamiyyətdə olan İlqar Hüseynli adlı azərbaycanlı orada şahidi və iştirakçısı olduğu maraqlı bir hadisə barədə təəssüratlarını bölüşüb.
Milli.Az həmyerlimizin İstanbulda tanış olduğu xorvatiyalı Kori ana və onun İslamı necə qəbul etməsi barədə anlatdıqlarını təqdim edir:
"Türkiyədə ezamiyyətdə olduğum vaxt oteldə xorvatiyalı Kori adlı yaşlı bir xanımla səhər yeməyi zamanı tanış oldum. Kori ana 70 yaşı olmasına baxmayaraq, çox enerjili və pozitiv bir insan idi. Avropanın bütün ölkələrində və Amerikada olduğunu bildirdi. Türkiyəyə gəliş səbəbini isə İslam mədəniyyəti və İslam ölkələri ilə yaxından tanış olmaq istəməsi ilə əlaqələndirdi. Uzun müddət Xorvatiyada diplomat kimi fəaliyyət göstərdiyini, daha sonra xorvat-türk dillərində tərcüməçi kimi işlədiyini, təqaüdə çıxdıqdan sonra isə bir çox dünya ölkəsinə səfər etdiyini bildirdi. Türk dilinə mükəmməl bələd olmasına baxmayaraq, ilk dəfə idi ki, Türkiyəyə səfərə gəlmişdi.
Hər gün İstanbulda yerləşən məscidlərə gedərək şəkillər çəkir və tarixi abidələr haqqında məlumat toplayırdı. Axşamlar isə otelə qayıdırdı. İşlərimin çoxluğundan Kori ana ilə həmsöhbət olmaq imkanım olmamışdı. Sadəcə səhər yeməyində salamlaşıb bir iki kəlmə danışırdıq. Bacardığım qədər ölkəmiz haqqında məlumat verməyə çalışırdım. Azərbaycan haqqında bildikləri isə çox məhdud idi. Bildiyi isə o idi ki, ölkəmiz Xəzər dənizi sahilində yerləşir, nəhəng neft və qaz yataqları ilə zəngindir. Hətta Qarabağ problemi haqqında belə qismən məlumatlı idi.
Günlərin bir günü hava çox yağışlı və küləkli idi. İşlərimin çoxluğu ilə əlaqədar otelə gecə saatlarında gəlmişdim və ac idim. Otel personalı mənə gecə saatlarında yemək verə bilməyəcəklərini bildirdilər və yeməyimi oteldən kənarda yeməyimi məsləhət gördülər. Oteli tərk edərkən Kori ananın foyedə əyləşdiyini gördüm. Salamlaşdıqdan və əhvalını öyrəndikdən sonra küçəyə çıxacağımı bildirib marketdən nə isə istəyib-istəmədiyini soruşdum.
Məndən otelə qayıdarkən 1 çöplü alma şirəsi almamı xahiş etdi. Mən isə restoranda yemək yemək fikrindən daşınıb marketdən 2 ədəd çöplü meyvə şirəsi və şirniyyat alaraq otelə qayıtdım. Foyedə əyləşərək xorvatiyalı Kori ana ilə söhbətimizə başladıq. Təbii ki, meyvə şirəsinin pulunu təklif və israr etməsinə baxmayaraq, almadım. Kori ana isə dərin fikirlərə dalaraq nəyisə fikirləşirdi. Əvvəlcə səhhətində nə isə problemin olduğunu düşünüb necə kömək edə biləcəyimi soruşdum. Kori ananın isə yaşarmış gözləri mənə dikildi, amma heç nə danışmırdı...
Kövrəlməsinin səbəbini soruşduqda isə mənə dünyanın bir çox ölkələrində və şəhərlərində olduğunu, amma heç vaxt, heç bir yerdə kiminsə ondan nəyəsə ehtiyacının olub-olmamasını soruşmadığını bildirdi. Verdiyi sual isə bu oldu ki, sən niyə görə dükana gedəndə məndən nəyəsə ehtiyacımın olub-olmamasını soruşdun?
Mən isə izah etdim ki, hava yağışlı və küləklidir, həm də gecə saatlarıdır, sizin də yaşınızı və xanım olmağınızı nəzərə alaraq adı bir davranış nümunəsi sərgiləmişəm, yəni qeyri-adi bir iş gördüyümü düşünmürəm.
Növbəti sualı isə bu oldu ki, bəs mən niyə görə sənin adi bildiyin davranışı 70 il ərzində heç kimdən görməmişəm?
Açığı bu suala nə cavab verə biləcəyimi bilmədim. Bir az düşündükdən sonra "biz müsəlmanlar hamımız beləyik" deyə öz fikrimi bildirdim. O isə artıq 1 aydan çoxdur ki, Türkiyədə olduğunu, amma belə hal ilə rastlaşmadığını bildirdi. Açığı bu sözündən təəssüfləndim və çox məyus oldum.
Sözümə düzəliş edərək azərbaycanlıların əksəriyyətinin istiqanlı və mehriban olduğunu bildirdim, bizim ölkəmizdə xanımlar və yaşlı insanlara xüsusi diqqət və qayğının olmasını izah etməyə çalışdım. Xüsusən də, ictimai nəqliyyatda xanımlara və yaşlılara yer verilməməsinin normal qarşılanmadığını dedim. (Təbii ki, Avropada belə deyil)
Kori ana ilə həmin gecə sübh açılana qədər bir çox məsələlər haqqında danışdıq. Mənim inanclı bir müsəlman olmağım onun diqqətini cəlb etmişdi. Məndən yorulmadan və həvəslə İslam dini və ölkəmiz haqqında məlumatlar öyrənirdi. Sübh azanından sonra isə artıq sağollaşmaq lazım idi. Amma hiss edirdim ki, Kori ananın bir çox sualları var və yorulmadan dinləyir. Mən isə işə getməliydim. Fikirləşdim ki, Kori anaya nə məsləhət versəm yaxşı olar, ən azından axşam gələnə qədər faydalanar. Kitab oxumaq təklifimə razı olmadı, gözlərinin zəif görməsinə görə kitab oxuya bilməyəcəyini bildirdi. Bir az düşündükdən sonra ona "Youtube" saytından dəyərli alim və ilahiyyatçımız olan Hacı Şahin Həsənlinın videolarına baxmağını tövsiyyə etdim. O isə sevinə-sevinə təklifimi qəbul etdi. Axşam mən işdən gələnə qədər tövsiyyə etdiyim videolara qulaq asmağa çalışacağını bildirdi.
Axşam işdən qayıdarkən foyedə məni gözləyəcək birini təsəvvür etdiyim halda otelə daxil olarkən heç kimin olmaması diqqətimi çəkdi. Resepşndan Kori ananı soruşduqda öz otağından bayıra çıxmadığını bildirdilər. Otaqlarımız yan-yana olduğundan mən öz otağıma gedib qapını açarkən qonşu nömrədə olan Kori ana da gəldiyimi eşidərək qapısını açdı, salam belə vermədən ağlayaraq məni qucaqladı. Mən isə nə baş verdiyini anlamırdım. Sadəcə yerimdə donub qalmışdım və Kori ananın hıcqırıq səslərini dinləyirdim. Bir müddət bu vəziyyətdə qaldıqdan sonra Kori anadan nə baş verdiyini, ağlamağının səbəbini soruşdum. Aldığım cavab isə tüklərimi dimdik elədi. Kori ananın verdiyi sual isə bu idi: "İMAM HÜSEYN (ə) kimdir ???"
Özümdən asılı olmayaraq tutuldum və nə cavab verə biləcəyimi bilmədim, sadəcə sakit qaldım.
Mənim otağıma daxil olub əyləşdikdən sonra olan bitənləri anlatmağa başladı. Səhər Kori anadan ayrılarkən ona 5-6 xütbəyə qulaq asa biləcəyini tövsiyyə etmişdim. Təbii ki, həmin xütbələr içərisində məhərrəmlik məclislərinə aid olan xütbələr yox idi. Düşünürdüm ki, tanımadığı şəxsiyyətlər barəsində olan söhbətlərə qulaq asmaq ona maraqsız gələ bilər. Kori ana isə tövsiyyə etdiyim xütbələrə qulaq asandan sonra Hacı Şahinin məhərrəmlik məclislərinə aid olan xütbələrini də dinləməyə başlayıb və çox təsirlənib. O qədər xütbələrə aludə olub ki, həmin gün günorta yeməyini yemək və dərmanlarını içmək belə yadından çıxıb.
Bir az danışıb sakitləşəndən sonra məni şam yeməyinə dəvət etmək istədiyini bildirdi. Təlifini sevə-sevə qəbul edəcəyimi bildirsəm də, hesabın mən tərəfindən ödəniləcəyini ondan xahiş etdim. İsrar etsə də, sonda razılaşdı. Şam yeməyimizi yemək üçün oteldən ayrılıb yaxınlıqdakı restoranlardan birində əyləşdik. Hiss edirdim ki, Kori ananın əhvalı dəyişib və özünü daha xoşbəxt hiss edir. Amma narahatdır, sanki nəsə axtarır, fikirləri hardasa başqa yerdədir. Cismi İstanbulda olsa da, ruhu başqa bir aləmdədir.
Yemək bitdikdən sonra çay süfrəsi ətrafında əyləşirik, İstanbulun gözəl mənzərəsini seyr edirik. Heç birimiz bir kəlmə də olsun heç nə danışmırıq. Bir müddətlik sükütdan sonra nə fikirləşdiyini soruşdum. Müəyyən fasilədən sonra isə cavab verdi.
Cavabı isə bu idi: "MƏN 70 İLDİR YAŞAMAMIŞAM. BU GÜN GƏLDİM DÜNYAYA".
Bu sözündən sonra isə yenə ağlamağa başladı, artıq hiss edirdim ki, qıraqdaki insanların diqqəti bizim masaya yönəlir. Kori ananı sakitləşdirməyə çalışırdım, hər şeyin yaxşı olacağını bildirsəm də, ağlaya-ağlaya daha bir sualı məni sarsıtdı. Növbəti sualı isə bu idi: "Səncə Allah mənə icazə verəcək İMAM HÜSEYNİ (ə) tanımağa???"
Tərəddütsüz cavab verdim ki, əlbəttə, verəcək. Bu sözümdən sonra Kori ana biraz sakitləşdi və özünü toparlamağa başladı.
2 gündən sonra Azərbaycana qayıtmalıydım.Vaxtımın azlığı bir tərəfdən, Kori ananın durumu isə digər tərəfdən məni narahat edirdi.
Görüşümüz yenə də sübh açılana qədər davam etdi. Bir çox məsələlər haqqinda fikir mübadiləsi apardıqdan sonra yenə də sağollaşdıq. Artıq 1 gün vaxtım qalmışdı. Növbəti gün axşamçağı Bakıya qayıtmalıydım. Amma Kori anadan heç ayrılmaq istəmirdim, pozitivliyi və nuraniliyi özünə cəlb edirdi məni. Amma qayıtmalıydım. Görüləcək işlər çoxdur.
Növbəti iş gününün axşamı yenə oteldə görüşdük, şam etmək üçün dünən əyləşdiyimiz restorana getməyə qərar verdik. Şam yeməyindən sonra Hacı Şahin haqqında suallar verməyə başladı. Mən də bildiyim məlumatları bölüşdükdən sonra Kori ananın mənə dediyi bir sözü unutmağım mümkün deyildi. Deyirdi: "Sizin neft və qaz kimi strateji əhəmiyyətə malik olan sərvətləriniz var, ancaq mən düşünürəm ki, sizin əsl sərvətiniz Hacı Şahindir. Siz Hacı sayəsində nəinki Avropanı hətta bütün dünyanı fəth edə bilərsiniz. Xanımın bu sözləri çox təəccüblü, qeyri-adi fikirlər kimi səslənsə də, əslində həqiqətdən başqa bir şey demirdi. Heç kimdən eşitmədiyim fikirləri bu xanımdan eşitmək çox sevindirici bir hal idi. Kori ana sözünə davam edərək Avropa da belə bir şəxsiyyətin olmadığını, Avropanın mənəvi boşluqlar içində çapaladığını və Hacının danışdıqlarının Avropa insanını mənəvi iztirablardan xilas edə biləcəyini bildirirdi. Mən isə səssiz-səmirsiz Kori ananı dinləməkdən həzz alırdım. Kori ana Hacı sayəsində İmam Hüseyn (ə) şəxsiyyəti barəsində, öyrəndiyi məlumatları ömrünün ən faydalı və ən xoşbəxt anları olduğunu bildirdi. Hacının çıxışlarının bir ölkəyə, bir millətə aid olmadığını deyir, ən azından aid edilməsini haqqsızlıq kimi qəbul edirdi.
(İmam Hüseyn (ə) tək müsəlmanların yox, bütün bəşəriyyətin xilaskarıdır. İmam Hüseyn (ə) eşqi bütün dünyanı xilas edə bilər. Biz İmamın daşıdığı dəyərləri bütün dünyaya təqdim etməliyik. Hər nə vasitə ilə olursa olsun, bəşəriyyət İmam Hüseyn (ə) tanımadan niçata çatmayacağını dərk etməlidir. Bu gün bizim hər gün eşitdiyimiz və adi qarşıladığımız çıxışlar əslində bəşəriyyətin axtardığı çıxışlardır.)
Artıq 2ci gün idi ki, dayanmadan Hacının xütbələri ilə qidalanan bir insanın bu sözləri məni qürurlandırmaya bilməzdi.
İki gün yuxusuz işləmək istər-istəməz səhhətimə öz mənfi təsirini göstərməli olduğu halda heç bir yorğunçuluqdan söhbət gedə bilməzdi, əksinə enerjili və pozitiv idim. Bəlkə də Kori anadan aldığım müsbət enerji idi ki, məni yorğunsuz və güclü edirdi.
Artıq sübh namazının daxil olmasına təxminən 1 saat qalır. Kori ana mənə otelə qayıtmağımızı məsləhət görür. Səhəri gün axşam çağı vətənə qayıdıram. Vətənə qayıtmağımın sevincini yaşadığım kimi, Kori anadan ayrılmağın da üzüntüsü məni narahat edir. Otelə qayıdıb sağollaşandan bir müddət sonra sübh azanının səsi bütün İstanbul şəhərini bürüməyə başlayır. Bütün məscidlərdən azan səsi gəlir. Azanın bitməsini gözlədiyim ərəfədə qapı döyülür. Qapını açıram, həmən xorvatiyalı Kori ana qapıda kövrək və məsum gözləri ilə mənə baxır. 20-30 saniyəlik baxışlardan sonra...
"Əşhədu ən la ilahə illəllah.
Əşhədu ənnə Muhəmmədən Rəsullullah.
Əşhədu ənnə əmirəl mu-mininə əliyyən Vəliyyullah".
Şok vəziyyətinə düşdüyümü desəm heç də mübaliğəyə yol vermiş olmaram. Çünki sözün həqiqi mənasında bir şok yaşadım. Axı bir xorvatiyalı xanım kəlmeyi-şəhadəti necə öyrənə bilərdi? 70 illik dinindən 2 gün ərzində necə imtina edə bilərdi?
Beynimdə bu sualları dolaşdıqca Kori ananın gülərək "Nə oldu? Namazın vaxtı keçir," - deməyini eşitdim. Mən isə bu vəziyyətdə namaz qıla bilməyəcəyimi deyib, 5-10 dəqəlik fasiləyə ehtiyacım olduğunu bildirdim.
Kori ana isə bu gün kəlmeyi-şəhadəti öyrəndiyini, sadəcə gecə söhbətimiz zamanı bəzi qaranlıq məqamlara aydınlıq gətirib tam əmin olduqdan sonra dinimizi qəbul etməyi düşündüyünü dedi. Suallarına verdiyim cavablardan məmnun qaldığına görə sübh namazı vaxtı İslam dinini qəbul etdi.
Həmin gün qıldığım sübh namazından sonrakı şükür səcdəmin heç bitməsini istəməmişdim.
Bu hadisəni yazmaqda məqsədim əlimizdə olan sərvətlərimizin nə qədər dəyərli və qiymətli olmasını çatdırmaq istəyimlə əlaqədardır.
Bizim əlimizdə elə xəzinələr var ki, biz o xəzinələri milyonlara, milyardlara heç vaxt dəyişmərik. Dünyanın axtardığı və bəzilərinin çətinliklə tapa bildikləri xəzinələri Allah bizə mükafat olaraq verib. Bu bizim keçmişimiz, şanlı və şərəfli tariximiz, mənəvi dəyərlərimiz və dini əqidəmizdir. Xorvatiyalı 70 yaşlı bir xanımın dediyi sözlər nə qədər qürürverici olsa da, bir o qədər də təsiredicidir. Çünki kənardakılar bizim xəzinələrimizi gördükləri halda biz öz əlimizdəki xəzinələri görmürük və yaxud görmək istəmirik. Xəzinələrimizə sahib çıxağın, dəyər verəyin, layiqincə qiymətləndirəyin!
Hacı evində yatır, istirahət edir, ibadəti ilə məşğuldur, məişət problemlərini həll etməyə çalışır, bir sözlə öz işi məşğuldur. Amma danışdığı həqiqətlərə görə Xorvatiyadan olan 70 yaşlı bir insan xoşbəxt olur və sözün həqiqi mənasında özünü tapır.
Məsum və yaşlı gözlərin dərinliklərində isə üzüntü və kədəri görməmək mümkün deyil. Mənə qısqanclıqla baxan gözlər əslində bir çox həqiqətləri deyir. Dediklərindən isə birinini qeyd edib sözümü yekunlaşdırıram.
Kori ana baxışları ilə onu deyirdi ki, siz XOŞBƏXTSİZ, siz BƏXTƏVƏRSİZ, siz YAŞAYIRSIZ. Çünki sizin sahib olduğunuz dəyərlərin zərrəsi bizdə yoxdur. Xahiş edirəm, oxuyan hər kəs düşünsün. Biz öz ölkəmizdəki problemlərdən narazı ola bilərik, çətinliklər bizi yora bilər, hətta bezdirə də bilər, amma nə olursa olsun Vətən bizim Vətəndir. Öz vətənimizi, öz millətimizi dilimizdə yox, əməllərimizdə də sevməliyik. Sevgimizə nəzəri yox, praktiki olaraq əməl etməliyik. Sadəcə verəcəyimiz bir sual belə insanların həyatını dəyişməyimizə, xoşbəxtliklərinə səbəb ola bilər. Sual verməkdən, danışmaqdan, bölüşməkdən, sevməkdən və sevilməkdən qorxmayaq. Bizim xoşbəxtliyimiz ancaq öz ölkəmizdə və öz içimizdədir. Başqa yerlərdə xoşbəxtlik axtarmağımız isə özümüzü aldatmaqdan başqa bir şey deyil. Öz mənəvi sərvətlərimizdən faydalanaraq xoşbəxt ola bilərik. Yetər ki, sərvətimizdən düzgün istifadə edib faydalanaq. Harda olmağımızdan asılı olmayaraq özümüz kimi olaq. Öz kimliyimizi qoruyaq və təbliğ edək. Bizim dünyaya nümünə göstərə biləcək bir çox sərvətlərimiz var. Hörmətli və dəyərli alimimiz Hacı Şahin də həmin sərvətlərdən biridir desək, yanılmış olmarıq. Bizim malik olduğumuz mənəvi sərvətlərin dünyada ödənilə biləcək qarşılığı yoxdur.
İmam Hüseyn (ə) eşqi ilə döyünən ürəklər hər bir zaman xoşbəxtdirlər. Kori ana həyatında heç bir zaman maddi sıxıntı çəkməmiş, diplomat kimi fəaliyyət göstərərək yüksək əmək haqqı qazanmış və dünyanın bir çox ölkələrinə səyahətlər edib, xoşbəxt görünən və həmişə gülən, əslində isə xoşbəxt olmayan bir qadın idi. Kori ana 70 yaşında İstanbulda, otelin kiçik bir otağında eşitdikləri həqiqətdən sonra İMAM HÜSEYN (ə) eşqi ilə yuxudan ayılan gözüyaşlı bir aşiq idi.
Mən inanıram ki, Kori ana ilə yenə görüşəcəm, buna heç bir şübhəm yoxdur. Kori ananın mənə israrla vermək istədiyi meyvə şirəsinin dəyərini görüşdüyümüz zaman ondan qaytarmasını xahiş edəcəm. Heç bir şübhəm yoxdur ki, sevə-sevə qaytaracaq.
Hacımızı isə hansı mükafatların gözlədiyini mən dərk etməyə acizəm.
Nə dəyəri var o ömrün ki, İMAM HÜSEYNi (ə) tanımadan keçə?!
Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmasa, yaşamır demək,
Onun da həyatı yanmağındadır...
Yanırıqsa, yaşayırıq demək".
Məhəmməd Əliyev
Milli.Aя