Bu gün ölkəmizin hər bir yanında olduğu kimi, Məşədi Dadaş məscidində də xalq izdihamı ilə müşaiyət olunan Aşura mərasimi keçirilib.
Səhər saat 9:00-dan başlayan mərasimdə məscidin imamı, ilahiyyatçı-alim Hacı Şahin Həsənli çıxış edib. Çıxışına Füzulinin şerləri ilə başlayan xaətib bildirib ki, dünyanın hər yerində keçirilən Aşura təziyələrinin Azərbaycan xalqı üçün xüsusi önəmi var. Azərbaycan milli şüurunda önəmli yer alan Kərbəla qəhrəmanlığına toxunan Ş. Həsənli bildirib ki, biz hər zaman səngərdə "Ya Hüseyn" səsləmişik. Çünki, hər zaman haqq savaşı aparmış, zorakılığa qarşı olmuşuq. Qarabağ, xüsusilə Xocalı qurbanları, Aprel şəhidləri və kiçik Zəhranı yad edən ilahiyyatçı deyib: "Aşura həm də şəhidlər günüdür. Bu gün şəhidlər sərvəri şəhadətə çatıb. Təsadüfi deyil ki, məscidin həyətində şəhidlərimizin şəkilləri asılıb. Bizim hər birimiz unutmamalıyıq ki, mövcudluğumuzla şəhidlərimizə borcluyuq". Daha sonra İmam Hüseynin və Kərbəla qəhrəmanlarının həyatı, amalı haqda söz açılıb.
İmam Hüseynin (ə) hədəfi insanlığa həyat bəxş etmek idi deyən ilahiyyatçı əzadarları qanvermə aksiyasına qoşulmağa çağırıb. Qeyd edək ki, qanvermə aksiyası məsciddə keçirilib. Məscidin həyətində yerləşdirilən mobil qanvermə stansiyalarında hemofiliya və talassemiya xəstələri üçün qan alınıb.
Daha sonra Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi rövzə və mərsiyələr oxuyub. Günorta namazları camaatla qılındıqdan sonra Aşura ziyarətnaməsi oxunub. Xalqımızın rifahı, bayrağımızın ucalığı, ordumuzun gücü və şəhidlərimizin ruhu üçün dualar edilib. Sonda əzadarlar üçün ehsan süfrəsi açılıb.
hacishahin.az