Din əxlaqi qaydalar toplumu deyil, həmin qaydaların bir hikməti var. Bu baxımdan əxlaqi göstərişlər bir yoldur, hədəf deyil. Hədislərdə əxlaqa böyük önəm verilir, lakin müqəddəs kəlamları sadəcə səthi qavramaq deyil, bu göstərişlərin mahiyyətinə varmaq gərəkdir. Quran insanın dəyərini onun düşüncə dərinliyi ilə müəyyən edir.
Bu sözləri ilahiyyatçı-alim Hacı Şahin Həsənli Görədil kənd məscidində keçirilən əzadarlıq məclisində çıxışı zamanı deyib.
İlahiyyatçının sözlərinə görə, dini mətnlərdə əxlaq ictimai münasibətlərin tənzimleyicisi kimi olduqca mühüm yer tutur. Bəzən bu göstərişlər çətin görsənə bilər: 40 qonşu ilə maraqlanmaq, insanların xidmətində olmaq, köməyə qaçmaq, güzəşt etmək, başqalarının qayğısını çəkmək, mehribanlıq və s. Bu məsələlərə riayət olunsa, ictimai mühit və yaşayış necə də gözəl olar? İnsanlara xidmət ilahi xüsusiyyətdir, Allaha yaxınlıq bu xüsusiyyətlərlə müəyyənləşir.
İmam Sadiqin (ə) buyurduğuna görə, belə olarsa insanlar arasında vilayət mühiti yaranar, bu vilayət cəmiyyəti imamın vilayətinə, imam isə Allahın vilayətinə bağlayar. Bundan fərqli olaraq tağut düzəni bir-birinə qarşı dözümsüzlük, biganəlik, quruluq üzərində qurulur. Bu xüsusiyyətin fəlsəfi-irfani cəhəti də ondan ibarətdir ki, xidmət eqoizmə zərbə vurur. Eqoizm isə Allahla insan arasinda yeganə maneədir. Hətta həzrət Mehdinin (ə) buyurduğuna əsasən, onu sevənlər arasında qəlbi birlik olarsa, zühur bir an belə gecikməz. Qəlbi birlik isə eqoizmin aradan getməsi ilə əldə olunur. Eqoizm aradan getdikdə isə məhəbbət işə düşür, cəmiyyət sevgi ilə tənzimlənir. Bu baxımdan Allaha gedən yol xidmətdən, faydalı olmaqdan keçir.
Xütbənin sonunda Hacı Şahin Həsənli bildirib ki, eqoizm üzərində qurulan, eqoizmi təbii sayan liberal düzənə alternativ yalnız bu yanaşma ola bilər. İmam Hüseyn (ə) bu alternativi Kərbəlada yaradıb, bu gün də əzadarlıq məclisləri, Ərbəin ziyarəti artıq eqosentrik tərz-təfəkkürə qarşı bir hərəkata çevirilir.
Qeyd edək ko, Apşeron rayonu Görədil kənd məscidində İmam Hüseynin (ə) yeddi mərasimi keçirilib. İlahiyyatçı Hacı Şahin Həsənlinin çıxışından sonra tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi növhə və mərsiyələr oxuyub.
hacishahin.az