XƏBƏRLƏR

Hacı Şahin Həsənli şəhid Elvin Şəriflinin il mərasiminə qatıldı

28 Sentyabr 2018 4511

Bu gün ilahiyyatçı-alim Hacı Şahin Həsənli şəhid Elvin Şəriflinin il mərasiminə qatılıb. Şəhidin valideyinlərinə və yaxınlarına başsağlığı verən ilahiyyatçı şəhid məclisində iştirak etməsindən şərəf duyduğunu bildirib. Məclisdə digər şəhid valideyinləri də iştirak edib.

 

Mərasimdə çıxış edən Ş. Həsənli şəhidin uca məqamı haqda söz açıb. Onun sözlərinə görə, insan yaradılışının hədəfini tanımalı və hədəfə can atmalıdır. Maddi dünyanın onun ehtiyaclarını qarşılaya bilmədiyini dərk edən şəxs Allaha yönəlir. Allahla insan arasında yeganə maneə mənəmçilik, eqoizmdirsə, bu maneəni aşmağa yardım edən yeganə yol başqalarına xidmət etməkdir. Xidmətin ən ali nümunəsi şəhidlikdir. Şəhid şam kimi vücudunu əridir ki, başqalarının həyatına işıq salsın. Bu baxımdan cəmiyyətin bütün üzvləri öz varlıqları ilə şəhidlərə borcludurlar.  Ş. Həsənlinin sözlərinə görə, millət olaraq ən ağır dərdimiz Qarabağ dərdidir və xalqımızın haqq mücadiləsində canını qurban verən hər bir şəhidimizin sayəsində millətimiz varlığını qoruya bilir.

 

"Şəhidin məqamını tanısaq, onun yaxınlarına başsağlığı deyil, gözaydınlığı verərdik," - deyə ilahiyyatçı vurğulayıb. Bu günlərdə İmam Hüseynin (ə) timsalında bütün şəhidlər yad olunur. Şəhidliyin məqamı nə qədər uca olsa da, onu yetişdirən valideyinlərinin də dəyəri ondan az deyil.

 

Şəhid valideyinləri qarşısında baş əydiyini deyən Hacı Şahin Həsənli, şəhid atası Elşən Şərifliyə şəhidin şəkili əks olunan köynəyi hədiyyə verdi. Həmin köynəklə bu il Ərəfə ziyarəti zamanı zəvvarlarımız İmam Hüseynin (ə) mübarək qəbrini ziyarət etmişdi. Şəhid valideyinləri hədiyyəyə görə ilahiyyatçıya təşəkkür ediblər.

 

hacishahin.az