Oktyabrın 2-si ilahiyyatçı-alim Hacı Şahin Həsənli Şüvəlan kəndində keçirilən əzadarlıq məclisində iştirak edib.
Kənd məscidində toplaşan inanclılar qarşısında çıxış edən ilahiyyatçı mənəviyyat yolunun asanlığından söz açıb. Onun sözlərinə görə, insan xoş niyyət və arzuları, hətta düşüncə səbəbindən savab qazana bilər, yaxşılığı əmələ keçməsə belə. Mənəviyyat yolunun asanlaşdıran digər amil İmam Hüseynə (ə) bağlılıqdır. Çünki bu bağlılıq insanın həyati mövqeyinin göstəricisidir. Bəzi əməllər isə açardır. Məsələn, namazı əvvəl vaxtında qılmaq insan həyatını müsbətə dəyişir.
İmam Hüseylə (ə) bağlı əməllər - əzadarlığı və ya ziyarəti - Allaha yaxınlaşdıran ən təsirli işlərdir. İmam Hüseyn (ə) vasitəsilə ilahi rəhmət hər kəsin qəlbinə yol tapır. Bunun bariz nümunəsi Aşuradır. Həmin gün ilahi tapşırıqlara riayət etməyənlər də məscidə gəlirlər. Əzadarlıq məclislərində Kərbəla hadisəsinə yanmaqla insan eqosu əzilir və Allahla bəndə arasında maneələr aradan qalxır.
İmam Hüseyn (ə) hər il məhərrəm ayında hamının qapısını döyür və yardım əlini uzadır. Tələb olunan odur ki, imamın (ə) qəlbə daxil olmasına maneə yaradılmasın.
İlahiyyatçı çıxışını xalqımızın rifahı və şəhidlərimiz ruhu üçün dualarla başa çatdırıb. Daha sonra Əhli-Beyt (ə) məddahı Hacı Zahir Mirzəvi növhə və mərsiyələr oxuyub.
hacishahin.az