Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı" mövzusunda tədbir keçirilib.
"Ambassador" mehmanxanasında baş tutan tədbiri Nəsimi RİH başçısının birinci müavini Gülarə Verdiyeva açaraq, ölkədə dini maarifləndirmə, ekstremizm əleyhinə təbliğat istiqamətində görülən işlərdən danışıb.
Daha sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “Dini ekstemizmə qarşı mübarizə islami dəyərlərin mühafizəsinin təminatı kimi” mövzusunda mühazirə ilə çıxış edib. Natiq milli-mənəvi dəyərlərin, o cümlədən, ənənəvi islami dəyərlərin mühafizəsinin hüquqi əsaslarını diqqətə çatdırıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Bilik fondunun Lektorlar Qrupunun üzvü Nahid Məmmədov "Dini ekstemizmə qarşı mübarizə milli-mənəvi dəyərlər kontekstində" mövzusunda mühazirə söyləyib. Mühazirəçi bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri bütün növ ekstremizmə qarşıdır. N. Məmmədov habelə vurğulayıb: "Ölkəmizdə dinlə dövlət ayrı olsa da, bir-birinə daim dəstək olub. Məhz bu baxımdan Azərbaycan multikulturalzmi dünyaya nümunədir".
Qeyd edək ki, tədbirdə ilahiyyatçı-alim Hacı Şahin Həsənli də çıxış edib. İlahiyyatçı radikallığın İslam dinin mahiyyəti ilə daban-dabana zidd olduğunu bildirərək, cəmiyyətdə maarifləndirmə işlərinin daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda əsrlərlə formalaşmış tolerant mühit xalqımızın böyük mənəvi irsidir. Ölkəmizin digər özəlliyi də dini və milli dəyərlərin bir-birinə bağlı, bir-birini tamamlamasıdır. Bu isə din-dövlət münasibətlərinin təbii olaraq müsbət müstəvidə inkişaf etməsinin zəmanətidir.
hacishahin.az