XƏBƏRLƏR

Zirədə İmam Hüseyn (ə) təziyəsi

22 Oktyabr 2018 2261

Oktyabrın 21-i Zirə kəndində yerləşən "Əli qədəmgahı" məscidində İmam Hüseyn (ə) təziyyəsi keçirilib. Qəsəbənin din xadimi Hacı Cavid Pənahlı məclis təşkilatçılarını, iştirakçı və qonaqları salamlayaraq çıxış üçün sözü ilahiyyatçı Hacı Şahin Həsənliyə verib.

 

Hacı Şahin Həsənlinin sözlərinə görə, dini mətnlərdə mənəvi dəyərlərin əhəmiyyət və iyerarxiyasını vurğulamaq üçün onlar bədən üzvləri ilə müqayisə ediliblər. Lakin, məhəbbət heçnə ilə müqayisə oluna bilməz, əks təqdirdə kiçimsənmiş olar. Hətta onunla ürəyin oxşadılması düzgün deyil. Məhəbbəti yalnız ruha bənzətmək mümkündür. Ruh bədəni tərk etdikdə bütün bədən üzvləri ölüb çürüdüyü kimi, məhəbbətsiz də bütün mənəvi dəyərlər rəzalətə çevirilir.

 

İnsan ruhu sonsuz olduğu kimi, məhəbbətin də həcmi sonsuz, yəni ruha müvafiq olmalıdır. İmam Baqirdən (ə) soruşurlar ki, dində sevgi varmı? İmam cavab verir: "Din sevgidən başqa bir şeydirmi?!" Yəni din və sevgi eynidir, dinin ruhu məhəbbətdir.

 

Sevgi də ruh kimi ilahi bir sirrdir. Təəssüf ki, sevginin çəkisi bugün salınır, hər ehtirasa sevgi deyilir, hər təsadüfi adam özünü aşiq adlandırır. Hərçənd eşqin ehtiramını qorumaq üçün ilahi övliyalar bu sözü o qədər çox işlətməzdirlər. Onlar özlərini nə Allah aşiqi, nə başqalarının aşiqi adlandırmağa tələsməzdirlər. Məsələn, həzrət Əbəlfəzl özünü İmam Hüseyn (ə) aşiqi adlandırmazdı. Məhəbbət məfhumu qarşısında təvazokarlıq göstərmək lazımdır. Heç kəs iddia etməməlidir ki, məhəbbəti dadıb, məhəbbət bilir nədir. Bütün istək və bağlılıqlar məhəbbətin zərrələridir.

 

Eyni zamanda insana ən böyük ləzzəti yaşadan nəsnə sevgidir. Günümüzdə din məhəbbətlə tanınmasa, dinsizliyə qalib gəlmək mümkün olmayacaq. Şeytan, nəfs, günah, tağut - bütün bunlar məhəbbətin qənimidir, lakin məhəbbət və ləzzət adı ilə insanların həyatını əlindən alırlar.

 

Allah öz övliyalarının qətlinə asan razı olmur. Bu səbəbdəndir ki, onlar canlarını qoruyurlar, ehtiyatlı davranırlar. Məsələn, həzrət Əliyə (ə) irad tuturdular ki, canından qorxur deyə savaşmır. Bu Əlinin (ə) can sevdası deyildi, Allah övliyasının canını təhlükəyə atmasına razı deyildi. Lakin mövzu məhəbbət olduqda, Allah Hüseyni (ə) göndərir eşq qurbangahına. Digər övliyaların sinələrində həbs etdikləri eşq, fədakarlıq, qurban vermə arzusu imam Hüseyn (ə) vasitəsilə üzə çıxdı.

 

Çıxışdan sonra tanınmış Əhli-Beyt məddahı Seyid Peyman Boradigahi növhə və mərsiyələr ifa etdi. Sonda xalqımızın rifahı, bayrağımızın ucalığı, ordumuzun zəfəri, şəhidlərimizin ruhu və ərazi bütövlüyümüz üçün dualar edildi.  

 

 

hacishahin.az