XƏBƏRLƏR

Hacı Şahin Həsənli: "Tarixin dönüş nöqtəsində yaşayırıq"

27 Oktyabr 2018 1323

Oktyabrın 25-i ilahiyyatçı Hacı Şahin Həsənli Bülbülə qəsəbəsində keçirilən İmam Hüseyn (ə) təziyəsində iştirak edib. Qəsəbədə yerləşən "İmam ümmət"məscidinin imamı Seyid Şəhadət Heydərov  qonaqları salamladıqdan və qısa çıxışından sonra sözü verib Hacı Şahin Həsənliyə.  

 

İlahiyyatçı bildirib ki, bəşəriyyət tarixin dönüş nöqtəsində yaşayır. İnsan mənfəətpərəstliyi və eqoizmi üzərində qurulmuş qlobal düzən dünyaya hakim olduğu bir halda, Ərbəində Nəcəf-Kərbəla yolunda eşq zühur edir. İldən ilə bu prosesin hara istiqamətləndiyini daha aydın şəkildə görmək olur. Dinin təklif etdiyi həyat tərzi bir neçə gün ərzində bu ziyarət əsnasında özünü göstərir, insanlar bu yaşayışı təcrübə edir. Ona görə də, bu ziyarəti işıqlandırmaqdan, gündəmə gətirməkdən çəkinir dünya mediası.

 

Daha sonra ilahiyyatçı zühur ərəfəsində baş tutacaq imtahanlardan söz açdı. İmam Baqirdən (ə) zühurun vaxtı haqda soruşurlar. İmam (ə) müsəlmanların imtahan olunacağına işarə edərək buyurur: "Ələndikdə, ələndikdə, ələndikdə". Hədislərə müraciət etdərkən görürük ki, zühuröncəsi imtahanlar Peyğəmbərin (s) zamanında belə aktual mövzulardan olub. Bu imtahanlar hər kəsi gözləyir və insanın qəlbinin dərinliklərində gizlətdikləri, hətta özünün xəbəri belə olmadığı rəzalət və gözəlliklər üzə çıxacaq. Zahiri görüntü və etiqadlar heç bir əhəmiyyət kəsb etməyəcək, əksinə özünü dindar sayanların bir çoxu imansız, özünü inanclı saymayanların bir çoxu isə inanclı olacaq. Bu səbəbdəndir ki, bizə hər gün özümüzü mühasibə etməyimiz, eyblərimizi üzə çıxarmağımız, ruhun dərinliklərinə varıb daxili çirkinləklirimizi tapıb Allaha etiraf etməyimiz tapşırılır. Heç kəs deməməlidir ki, məndə təkəbbür, həsəd və ya başqa rəzilliklər yoxdur. Musa peyğəmbər (ə) Allahla söhbət üçün imanından əmin olduğu ən seçilmiş kişiləri özü ilə dağa apardı, oradakı imtahanda azanlar da məhz həmin üstün dindarlar oldu. Hərət Əlinin (ə) qatili ibni Mülcəm Yəmənin ən seçilmiş dindarları arasında Əlini (ə) ən çox sevən bir insan kimi Kufəyə yəmənlilərin adından beyət üçün göndərilmişdi. İmam Hüseyn (ə) qatillərinin də keçmişinə baxdıqda, onların belə cinayətə əl ata biləcəklərini təsəvvür belə etmək olmazdı. Onlar nəinki şəhərlərinin ən fəzilətli və inanclı şəxsləri idi, din yolunda malından və canından keçməyə hazır olanlar idi. Şimr həzrət Əlinin (ə) ordusunda yaralanmış və şəhadətin bir addımlığında idi. Üstəlik, dəfələrlə Həccə piyada getmiş bir kəs idi. Ömər Səd özünü İmam Hüseynin (ə) dostu bilirdi, onun ağlına gələ bilməzdi ki, imama ziyan vura bilər.  Bu misallar onu göstərir ki, heç bir inanclı heç bir cinayətdən sığortalanmayıb. Özünü sığortalamaq üçün qəlbdə gizlənənləri aşkar edib öz gizli eyblərini aradan aparmaq gərəkdir.

 

Bir xüsusiyyət var ki, insanın paklanmasında müstəsna rol oynayır. Bu da özündən üstününə təzim etmək. Özündən üstün hər kəsi gördükdə ona paxıllıq etmək əvəzinə, onun arxasıca düşüb həmin üstünlüklərə yiyələnmək lazımdır. Övliyaya təzim də bu xüsusiyyətin ali nümunəsidir. Ərbəində insanlar imam qətli ilə razılaşmadığını, övliyaya təzim etdiyini nümayiş etdirir həm də. Bu bir eşq selidir, yeni qlobal düzənin sədasıdır.

 

Daha sonra Əhli-Beyt (ə) məddahı Hacı Teymur Şirvanlı növhə və mərsiyələr oxudu. Məclis xalqımızın rifahı, ordumuzun zəfəri, şəhidlərimizin ruhu üçün dualarla bitib.

 

hacishahin.az