XƏBƏRLƏR

"Dindar olmaq dəyişkənlik tələb edir"

29 Oktyabr 2018 1290

Oktyabrın 28-i paytaxtın 1-ci Yasamal ərazisində yerləşən "İmam Hüseyn" məscidində təziyə məclisi keçirilib. Məscid icmasının dəvətilə inanclılar qarşısında ilahiyyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış edib.

 

Fəlsəfi məktəblərdən fərqli olaraq dinin daha əhatəli və hərtərəfli olduğunu vurğulayan ilahiyyatçı bildirib ki, din insan daxilində ziddiyətli xasiyətləri bir araya gətirir. Bu baxımdan din özü bir ziddiytələr toplusu kimi görsənə bilər. Məsələn, din həm cəmiyyətdən ayrılmağı, həm cəmiyyətə bağlanmağı göstəriş verir. Bu həm də onu göstərir ki, dindar birtərəfli deyil, hərtərəfli inkişaf etməlidir.

 

Səxavətli insandan xəsislik, xəsisdən səxavət tələb oluna bilər bəzən. Din özümüzə xoş və yaxın olan fəzilətlərə yiyələnməyi deyil, istəklərimizin əksi olan fəzilətləri mənimsəməyi tələb edir. Çünki, insan dəyişmək üçün yaranıb, yaxşı olmaq üçün yox. İnsan həmişə mehriban, səxavətli, gülərüz olarsa, bu onun fəzilətinə işarə etmir. Hətta dindarlığın əlaməti də deyil. Həzrət Əli (ə) bir gün qılınc oynadır, bir gün səbr edir. Kiminsə yaxşılıqları dəyişilməz olaraq qalırsa, onu dindar adlandırmaq da çətindir. Çünki, o dini öz zövqünə görə yaşayır, istədiyi sahələri tətbiq edir həyatında. Necə ki, İblis də istədiyi kimi ibadət edir, lazım olan məqamda isə istəyinin əksinə gedə bilmir. Bir çox yaxşı əməli olan insan bu səbəbdən Qiyamətdə əzaba düçar olacaq. Xarakterimiz dinimiz olmamalıdır, hər gün imtahanlar bizi dəyişməlidir. Bu nəfsin təzkiyyəsi, paklanmasıdır.

 

İlahiyyatçı bildirib ki, inancın ən böyük imtahanı vilayətdir. Yəni, Allahın əmrilə özün kimi birisinə itaət etmək. Allah vilayət vasitəsilə bizim təkəbbürümüzü, eqoizmimizi sındırmaq istəyir. Tarixə vardıqda görərik ki, cahiliyyət dönəmində ərəblər arasında fəzilətlər, müsbət xüsusiyyətlər çox idi. Peyğəmbərimiz (s) qaranlıq bir cəmiyyətə göndərilməmişdi. Allahın elçisi (s) o zaman müqavimətlə qarşılaşdı ki, ona itaət etmək zərurəti yarandı. Ərəb cəmiyyəti dəyişmək istəmirdi deyə düşmən kəsildi Peyğəmbərə (s).

 

İnsanların fəzilətlərə münasibəti fəzilətli insana münasibətindən bilinir. Bəşəriyyətin problemi yaxşı ilə pisi ayıra bilməməsi deyil, yaxşı ilə daha yaxşı arasında düzgün seçim etməməsidir. Yaxşı insanlar dəyişmək istəməyəndə haqqa düşmən kəsilirlər. Çünki, vəliyə itaət dəyişməyi və dəyişkənliyi tələb edir.  Kərbəlada İmam Hüseynin (ə) qarşısında yer alanlar kafir və ya günahla məşhur insanlar deyildilər. Onlar dəyişikliklərdən qaçan dindarlar idi. Düşmən gözləmirdi ki, İmam Hüseyn (ə) təslim olmayacaq, İmam Həsəndən (ə) fərqli yol tutacaq. Lakin, İmam Həsənin (ə) sülhü ilə İmam Hüseynin (ə) mübarizəsi eyni məntiqdən doğurdu - zillətə düşməmək.

 

Bu günlərdə izdihamlı Ərbəinin şahidiyik. Bu nəyin müjdəsidir? İmamın eşqi "mən"i əridir. İnsanlar oradakı həyat tərzini gördükcə, imamın zəruriliyini dərk edir. Ərbəin zəmanənin imamını (ə) gətirəcək.

 

hacishahin.az