XƏBƏRLƏR

Hacı Şahin Həsənli: "Kərbəla ən şəffaf hadisə idi"

30 Oktyabr 2018 1158

Oktyabrın 29-u ilahiyyatçı Hacı Şahin Həsənli Görədil kənd məscidində Ərbəin mərasiminə qatılıb. İnanclılar qarşısında çıxış edən ilahiyyatçı Kərbəla hadisəsinin şəffaflığı haqda geniş söhbət açıb.

 

Kərbəlada baş verənlər şəffaf olması səbəbilə ən aydın anlaşılan, şübhə və suallara yer qoymayan bir hadisədir. Haqqı nahaqdan ayırmaq olduqca asandır, hər iki cəbhə əsl simasını ortaya qoymuşdu burada: həqiqət bütün gözəlliyini, batil bütün çirkinliyini. Belə bir fürsət tarixdə yaranmamışdı. Nə həqiqət, nə də batil olduğu kimi zühur etməmişdi bəşəriyyət qarşısında. Kərbəla hadisəsini cazibəli edən xüsusiyyətlərdən biri də budur: hər kəs öz düşüncə səviyyəsinə görə düzü-səhvdən ayıra, baş verənləri asan təhlil edə bilir Kərbəlada. Uzun müzakirələr və dərin analizlər olmadan burada kimin kim olduğunu anlamaq mümkündür.

 

İmam Hüseynin (ə) öz dövründə də belə idi. Hamı imamı yaxşı tanıyırdı, döyüşün nəticələri əvvəlcədən xəbər verilmişdi, tərəflərin Axirətdəki aqibətinə kimi söylənilmişdi. Heç kəs üçün qaranlıq məqam qalmamışdı. Məsələn, həzrət Əli Əsğərin (ə) oxlanması aydın göstərdi ki, Yezid tərəfdarları və kufəlilər din savaşı aparmırdı. Burada heç kəsin üzr yeri qalmır, canilər tövbə bacarığını itirirlər.

 

Axirət yaxınlaşdıqca da imtahanlar belə şəffaflaşır. Bəli, imtahanlar olduqca çətinləşir, lakin eyni zamanda seçim aydınlaşır, düz və yanlış daha qabarıq görsənir. Getdikcə haqq və batil olduğu kimi görsənməkdədir. Bu imtahanlardan da çıxa bilməyənlərin üzrü qalmayacaq. Bu imtahanların nəticəsi birbaşa olaraq insanların mənəvi durumu ilə bağlı olacaq.

 

Daha sonra, ilahiyyatçı ilahi düzən və dinə xidmət mövzusuna toxunub: "Bu günlərdə şahidi olduğumuz Ərbəin ziyarəti tarixin ən kütləvi və mühüm yürüşü adlana bilər. Bu yürüş imamla görüşə hədəflənib. Ərbəin artıq yalnız əzadarlıq deyil, bu imam vasitəsilə qurulacaq həyatın müvəqqəti nümunəsidir". Onun sözlərinəd görə, bu, insanların bir biri üçün fədakarlıq edəcəyi, bir birini sevəcəyi, xidmətində duracağı bir həyatın müjdəsidir. Buradan dinə xidmətin əhəmiyyəti anlaşılır. Dinə xidmət, yəni özünün və insanlığın xoşbəxtliyinə xidmət. Dinsiz bu mümkün deyil deyə, dinə xidmət xoşbəxt həyatın zəruri şərtinə çevirilir. Həmin həyatın qurulması məsum vasitəsilə mümkündür deyə, dinə xidmət də elə məsuma xidmət kimi anlaşılmalıdır.

 

hacishahin.az