Oktyabrın 30-u paytaxtın Məşədi Dadaş məscidində Ərbəin - İmam Hüseynin (ə) qırx mərasimi keçirilib.
Tədbir məşhur qari Hacı Ruslan Qasımovun müqədəs Qurani-Kərimin tilavət etməsi ilə başlayıb.
Böyük izdihamla müşaiyət olunan mərasimdə məscidin imamı, ilahiyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış edib. Ərbəinin yeni qlobal düzən müjdəçisi olduğunu bildirən natiq qeyd edib ki, son illərdə milyonların qatıldığı Ərbəin yürüşü xalqın təşkilatşılığı ilə keçirilib. Heç bir qurumun iştirakı olmadan milyonlarla insan mehribanlıq, fədakarlıq, təmənnasız xidmət içində Nəcəfdən Kərbəlaya piyada yol gedirlər. Bu bəşəriyyətin arzuladığı və can atdığı həmin dünyadır. Sonsuz sıxıntı və eqoizmindən qaçanlar üçün yeni dünya modeli. Uzun illər öncə heç kəs təsəvvür belə etməzdir ki, bu hərəkat məhz Ərbəindən başlayacaq.
İlahiyyatçı bildirib ki, din sırf qayda-qanunlar toplusu deyil. Din insanın dünya və axirət xoşbəxtliyi üçün bir proqramdır. Həmin proqramı Allah yer üzündə övliyaları vasitəsilə gerçəkləşdirir. Övliya sadəcə dini çatdıran və ya ilahi qanunları icra edən şəxs deyil, o bütövlükdə ilahi dəyərlərin mücəssiməsidir. Bu səbəbdən övliyaya itaətlə yanaşı, onu sevmək və hörmətli tutmaq vacibdir. Övliyaya münasibət insanın Allaha və ilahi dinə münasibətinin göstəricisidir. Əgər övliyanın ehtiramı qorunarsa və ona missiyasını tam gücü ilə icra etməyə imkan yaradılarsa, Ərbəində ətri gələn dünya qurular və hər kəs xoşbəxt olar. Lakin Kərbəlada övliyaya ehtiram qoyulmadı, onun qanı xalq tərəfindən axıdıldı. Yəni, bəşəriyyət həmin düzəndən məhrum oldu və bütün cinayətlərə yol açdı.
Ərbəin ziyarətinin bir necə özəlliyi var. Birincisi budur ki, imam ehtiramının sındırılmasının az da olsa bədəli ödənsin. Digər tərəfdən, bu yollarda piyada gedənlər nə qədər əziyyətə qatılsalar da, Əhli-Beytin (ə) bu yollarda yaralı, susuz və döyülən halda min bir əzaba qatlaşmasını düşünəndə xəcalətli olur. Bu imamın (ə) fədakarlığını anlamaq cəhdidir. Burada bir mühüm məqam da var: Ərbəinə axışan milyonların imamına artıq hörmətsizlik etmək mümkün olmayacaq. Kərbəlada törədilən cinayət bir daha baş verməyəcək.
Daha sonra tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi növhə və mərsiyələr oxuyub. Mərasim xalqımızın rifahı, bayrağımızın daim yüksəlməsi, ordumuzun qüdrəti və şəhidlərimizn ruhu üçün dualarla başa çatıb.
hacishahin.az