"Peyğəmbər (s) insanlarla işarə ilə danışıb. Bu ilahi bir sünnətdir. Çünki, işarə ilə danışmaq səhv və yanlışlıqlara bəraət qazandırır. Yəni, kimsə əmrdən boyun qaçırarsa, səhv anladığı üçün bəhanəsi olacaq və cəzadan boyun qaçıracaq".
Noyabrın 7-si Bakının Məşədi Dadaş məscidində İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın (s), onun əziz nəvəsi imam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadət günü ilə bağlı mərasim keçirilib. Məclis məşhur qari Hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimi tilavət etməsi ilə başlayıb. Daha sonra məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənli inanclılar qarşısında xütbə ilə çıxış edib.
İlahiyyatçının sözlərinə görə, Qurani-Kərimdə Allah sonuncu peyğəmbərini "aləmlərə rəhmət" olaraq vəsf edir. Təəssüf ki, mənaların təhrif olunduğu bir zamanda rəhmət peyğəmbəri və onun rəhmət dini zorakılıq mənşəyi kimi tanıtdırılır. Hərçənd İslamın mehvəri mərhəmət və məhəbbətdir. İlahi qanunlar bütün sərtlikləri ilə yanaşı Allahın insana sevgisinin ifadəsidir: Allah layiq gördüyünə əmr edər, dəyər verdiyini nədənsə çəkindirər. Və insanlıq elə bir mərhələyə çatıb ki, əmr və qadağaların arxasında ilahi eşqin gizləndiyini sezə bilər. Allahın övliyaları da belədir, onlar məhəbbətlərindən dolayı insanlara rəhbərlik edir, onlar üçün olmazın fədakarlığa gedirlər. Ən yaxın və məhrəm insanları ilə övliyalar soyuqqanlı, hətta bir qədər sərt davranır, ərk edirlər. Necə ki, dahi Şəhriyar öz şerində deyərdi: "İstər üzünü, istər arxanı çevir mənə - gülün üzü və arxası olmur". İnsan fitrətən xoşlanmır ki, əziz və böyük tutduğu şəxs onunla xahiş-minnətlə davransın. İnsan sevdiyinə "xahiş nədir, əmr et!" deyər. Habelə əmr eqoizmi aradan aparan əsas amildir.
Bu gün bəşəriyyət Allahı və övliyaları işarə ilə anlayacaq həddə çatıb. Bu olduqca mühüm bir məqamdır. İnsan o qədər aydın düşünür və təmizlənir ki, işarədən ondan nəyin tələb olunduğunu anlayır. Məsələn, Ühüd savaşında müsəlmanlar Peyğəmbəri (s) tək qoyub qaçırlar. Allah elçisinin yanında bir həzrət Əli (ə) qalır, bir də səhabələrdən biri. Peyğəmbər (s) həmin səhabəyə "sən də get" deyə xahiş edir. Lakin, həmin səhabə "Əli də burda qalırsa, mən də qalacam" deyib getmir. Həmin səhabə "get" əmrinin içində "qal" xahişinə işarəni anlayacaq qədər bəsirətli idi. Övliyaların dilini anlayırdı. Kərbəlada isə, Əhli-Beyt (ə) sevdalılarından biri olan Teremmah İmam Hüseynin (ə) yanına gəlir və ailəsinə azuqə çatdırıb qayıtmaq üçün izn istəyir. İmam (ə) "get, amma tez qayıt" deyir. Teremmah gedir və qayıtdıqda Kərbəla qətliamının bitdiyini görür. O, "get, amma tez qayıt" əmrinin arxasında "getmə" xahişini anlayacaq qədər bəsirətli olmur. Bu gün insanlıq kütləvi şəkildə Ərbəin ziyarətinə gedir, çünki bu ziyarətə təşfiq cəmi bir hədisdə və bir neçə xüsusiyyətin içində işarə olaraq keçib. Yəni insanlar bir işarədən bu əzəmətli ziyarətə üz tutur.
Peyğəmbər (s) insanlarla işarə ilə danışıb. Bu ilahi bir sünnətdir. Çünki, işarə ilə danışmaq səhv və yanlışlıqlara bəraət qazandırır. Yəni, kimsə əmrdən boyun qaçırarsa, səhv anladığı üçün bəhanəsi olacaq və cəzadan boyun qaçıracaq. Peyğəmbərə (s) bir gün şikayət edirlər ki, bir nəfərin evində fəsad məclisi təşkil olunub. Səhabələrdən biri dərhal əlini qılınca atıb əsəbli halda onları cəzalandırmaq istəyir. Peyğəmbər (s) ona "dur" deyib, həzrət Əliyə müraciət edir: "Əli, get bax orada günahkar görürsən ya yox?" Həzrət Əli (ə) Peyğəmbərin (ə) kinayəsini anlayır və həmin evə gedib gözləri yumulu halda içəri girib qayıdır. "Ya Rəsuləllah, mən orada bir günahkar görmədim," - deyə həzrət Əli (ə) məruzə edir. Yəni, övliyaların insanlarla davranışı məhəbbət, rəhmət və güzəşt üzərində qurulub. Necə ki, Allah da öz rəhmətindən yaradıb varlıq aləmini. İnsan da bu rəhmətə sığınmalı, məyusluğu düşməməlidir. İlahi rəhmət o qədər genişdir ki, məyusluq böyük günah sayılır. İnsan hər zaman Allaha güvənməli, ilahi rəhmətə söykənməli və ən uca zirvələri arzu etməlidir. "Məndən bir şey çıxmaz" düşüncəsi şeytani vəsvəsədir və təvazokarlıqla heç bir əlaqəsi yoxdur.
İki ay məhərrəm-səfər aylarında İmam Hüseynə (ə) əza saxlayır, o həzrətin fədakarlığından söz açırıq. Amma unutmamalıyıq ki, Kərbəla ilk növbədə Peyğəmbərin (s) fədakarlığı və Peyğəmbərə (ə) qarşı zülmdür. Kərbəla qurbangahına Peyğəmbər (s) balaları gətirildi. İmam Hüseynə (ə) atılan oxlar əslində Peyğəmbərə (s) tuşlanmışdı. Necə ki, Yezid imamın (ə) kəsik başına çubuqla vuraraq babalarının intiqamını aldığını deyirdi. Yezidin atası isə Peyğəmbərin (s) adını dəfn etməyincə rahat olmayacağını söyləyirdi.
Xütbədən sonra tanınmış Əhli-Beyt (ə) məddahları Seyid Peyman və Seyid Fariq Əsədovlar növhə və mərsiyələr oxuyublar. Məclis Azərbaycan xalqı, torpaqları, bayrağı, ordusu və şəhidləri üçün dualarla başa çatıb.
hacishahin.az