XƏBƏRLƏR

Dini təhsil mövzusunda konfrans keçirilib

20 Noyabr 2018 1757

Noyabrın 20-si “Dubai International Hotel”də “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib. Konfransda ilahiyyatçılarla yanaşı fəlsəfə, sosiologiya və tarix üzrə mütəxəssislər də iştirak edib.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfransı açıq elan edərək çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda bu gün dini məsxərə obyekti kimi görən bəzi şəxslər var. Bu məyusedici halın səbəbi dinin düzgün başa düşülməməsidir. Bir çox hallarda isə ayrı-ayrı fərdlərin cahilliyini dinlə bağlayırlar. Belə insanlar Avropada baş verən inkişafı məhz onların dindən uzaqlaşması ilə bağlayaraq yanlış düşüncə yaradırlar. Mehman İsmayılov dinə önyarğılı yanaşmanın sona çatacağına ümid etdiyini bildirib: "Din insanın mənəvi zənginliyidir”.

 

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxış edərək ilahiyyat sahəsində hazırlanan gənc kadrlar haqda söz açıb. Onun sözlərinə görə, İlahiyyat İnstitutunun əsas məqsədi dini dərindən öyrənən, eyni zamanda dünyəvi elmlərdən anlayışlı ilahiyyatçılar yetişdirməkdir. Daha sonra dini maariflənmədə problemlərə toxunan rektor deyib: "Gəlin baxaq, bu gün rus, ingilis və digər dilləri bilib, dini həqiqətləri o dillərdə dünyaya çatdıracaq neçə ilahiyyatçı var?! Bu ciddi bir problemdir. Bu nöqtədə bizim işimiz çox ağırdır. Biz həm dinini mənimsəyən, həm də onu müdafiə etməyi bacaran ilahiyyatçılar yetişdirməliyik". Ceyhun Məmmədov ilahiyyatçıların işlə təmin olunması istiqamətində səylərin göstərildiyini də vurğulayıb.

 

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov və digər iştirakçılar məruzə ilə çıxış ediblər.

 

Qeyd edək ki, ilahiyyatçı- alim Hacı Şahin Həsənli “Dini təhsilin forma və perspektivləri” mövzusunda geniş söz açıb. Çıxışın stenoqramı ilə burada tanış ola bilərsiz.

 

hacishahin.az