"Bütün ilahi peyğəmbərlər qövmlərinə onun gəlişini vəd edirdilər. İnsalıq özünü saldığı zülmətdən qurtulmaq üçün onun intizarında idi. Hər bir elçi öz qövmünü onun səltənətinə hazırlaşdırır, hər bir qövm onun rəhbərliyi ilə birlik arzu edirdi. Nəhayət, Adəmin tövbə etdiyi və Həvvaya qovuşduğu bir yerdə, yəni tarixin başlanğıc nöqtəsi olan Məkkədə tarixi yenidən yazacaq peyğəmbər (s) dünyaya gəldi. Səhralığı cənnətə çevirəcək, vəhşi adətləri ilahi qanunlarla əvəzləyəcək, kəbələri bütlərdən, insanları isə eqoizmdən azad edəcək fədakar bir sərvər dünyaya gəldi".
Bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli İslam peyğəmbəri həzrət Məhəmmədin (s) və imam Sadiqin (ə) mövludları ilə bağlı sosial şəbəkələrdə təbrik paylaşıb.
Onun bildirdiyinə görə, bu mövludla insanlığın qışı bitdi və baharı başladı: "Addım-addım onun təlim və idealları dünyanı fəth edir, zülmətə müqavimət göstərir və bir günəş tək həyatı işıq və hərarətlə doldurur. Bu gün həm də onun əziz övladı, Peyğəmbər (s) yolunun fədaisi, bu məktəbin qoruyanı imam Cəfər Sadiqin (ə) viladətidir. İmam Sadiq (ə) babası kimi müsəlmanların ortaq dəyəri və imamıdır. O, ömrünü fitnələrlə mübarizəyə həsr edərək Peyğəmbər (s) ümətinin birliyi və tərəqqisi üçün çalışıb. Odur ki, bu günlər İslam vəhdəti üçün xüsusi bir anlam kəsb edir. Hər birinizi bu gözəl mövludlar münasibəti ilə təbrik edirəm!"
hacishahin.az