XƏBƏRLƏR

Şəhid pilot Feyruz Cəlilovun döyüş yolu haqda film təqdim olunub

17 Dekabr 2018 1804

Azərbaycanın ilk hərbi pilotlarından biri, Qarabağ şəhidi Feyruz Cəlilov haqda “Sonuncu uçuş” adlı sənədli film çəkilib. İctimai Televiziyanın rejissoru Ruslan Hüseynovun hazırladığı filmin təqdimatı dekabrın 15-i şəhidin doğma rayonu - Siyəzəndə keçirilib.

 

Siyəzən şəhəri Mədəniyyət Sarayında təşkil olunan tədbirdə rayon rəhbərliyi, şəhidin döyüş yoldaşları, onunla birlikdə işləmiş həmkarları çıxış ediblər.

 

Tədbirə qatılan ilahiyyatçı Hacı Şahin Həsənli şəhidlik barədə geniş söz açıb. Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi üçün ölüm deyil, qələbə üçün çalışmaq gərəkdir. Beləki, dinimiz insan üçün şəhidliyi hədəf olaraq təyin etmir. Dinimiz Haqq uğrunda, Vətən uğrunda savaşmağa, mübarizə aparmağa  çağırır və bu yolda ölən şəxs şəhid hesab olunur. Bu əzmlərinə görə Allah da şəhidlərə uca məqam və ölməzlik bəxş edir. Qiyamət günü peyğəmbərlər şəhid qarşısında hörmət olaraq diz çökəcəklər.

 

Gənc nəslə Vətəni qorumaq lazımdır deyə çox moizə etmək olar,bu barədə mühazirələr söyləmək, kitablar yazmaq olar. Amma şəhid öz fədakarlığı ilə bütün bunları əyani olaraq göstərir və mübarizəyə təşfiq yaradır. Biz haqq savaşı aparırıq və bir gün torpaqlarımız mütləq qaytarılacaq.

 

İlahiyyatçı davam edib: "Şəhid Feyruzu çox gözəl ata, övlad, yoldaş və uğurlu bir şəxs kimi xatırladılar bu gün. Bütün bunlar bir daha şəhidliyin ömrün məntiqi sonluğu olması haqda hədisləri bir daha təsdiq edir. Şəhid uğursuz həyatından bezib ölümə gedən şəxs deyil. Şəhid qiymətli həyatı xalqına fəda edir və hədiyyə olaraq Allaha təqdim edir. Şəhid ona görə böyükdür ki, eqoizm dairəsindən çıxır. Başqaları düşünmək, onlar üçün çalışmaq böyüklük əlamətidir. Quran ayələrindən bəlli olur ki, şəhid hətta cənnətə getdikdə öz xalqını düşünür, onların rifah və xoşbəxtliyini arzu edir".

 

Hacı Şahin Həsənli Azərbaycan ordusunun güclü olduğunu deyərək, ruh yüksəkliyinin daim qorunmasının zəruriliyinə də toxunub. Onun fikrincə, şəhidlərin tanıdılması, onlara həsr edilən tədbirlərin keçirilməsi cəmiyyətdə ruh yüksəkliyinin qorunmasına xidmət edir. Odur ki, belə məclislərdə oturmaq ibadətdir, şəhid məclislərində keçirilən anlar dəyərlidir. Sonda ilahiyyatçı Allahdan şəhidlərimə rəhmət diləyib, torpaqlarımızın qaytarılmasını, bayrağımızın daim yüksəklərdə dalğalanmasını dua edib.

 

Qeyd edək ki, 1957-ci il təvəllüdlü kapitan Feyruz Cəlilov könüllü olaraq Qarabağ müharibəsində iştirak edib. Həmin illərdə Azərbaycan hərbi aviasiyasının şəxsi heyəti mülki aviasiyanın pilotları hesabına formalaşırdı, şəhid F. Cəlilov da mülki aviasiyadan hərbiyə gəlmişdi. F.Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərib. 1993-cü il avqustun 30-da onun idarə etdiyi helikopter Qubadlıda ermənilər tərəfindən vurulub və uçuş heyəti şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Bu gün şəhidin oğlu Qabil Cəlilov da atasının yolu ilə gedir.

 

Tədbirin sonunda məktəblilər tərəfindən şəhidin həyatından bəhs edən bədii kompozisiya nümayiş olunub.

 

hacishahin.az