"Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin, əsl Kərbəla Qarabağdadır!"
Milli.Az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmi saytının məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli Müdafiə Nazirliyi və DQİDK-nın 2016-cı - "Multikulturalizm ili" üçün birgə tədbirlər Planı"na əsasən "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində cəbhə bölgəsində hərbi hissələrdəki tədbirlərdə bildirib.
Hacı Şahin bəzi gənclərin aldadılaraq guya müsəlman qardaşlara kömək etmək adı ilə cihadı, şəhid olmaq həvəsilə digər ölkələrə aparılmasına kəskin etiraz edib. Onun bu sözləri şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.
İlahiyyatçı Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu vaxtları xatırlayaraq, ordumuzun bu gün daha güclü, daha qüdrətli, əsgər və zabitlərin isə daha intizamlı, daha peşəkar olduğundan, qarşıya qoyulmuş döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdiklərindən, aprel döyüşlərində Azərbaycan əsgərinin uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdıqlarından din xadimlərinin də böyük qürur duyduqlarını qeyd edib.
Həftənin təşkili və keçirilməsinə məsul olan Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani bildirib ki, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar kimi tanınır: "Silahlı Qüvvələr cəmiyyətimizin bir hissəsi olduğundan burada da tolerantlıq mühitinin, multikultural dəyərlərin təbliği şəxsi heyətin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb edir."
Dövət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov isə nəzərə çatdırıb ki, bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biri tolerantlıqdır: "Dövlət başçımızın da dəfərlərlə qeyd etdiyi kimi, tolerantlıq bizim həyat tərzimizdir, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir".
Qeyd edək ki, bir neçə gün ərzində birlik, birləşmə və hərbi hissələrdə tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində müxtəlif mövzularda seminar, dəyirmi masa, disputlar, din xadimləri ilə görüşlər, söhbətlər təşkil olunub. Hərbi hissələrin kitabxanalarına kitab dəstləri hədiyyə edilib.
Silahlı Qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir.
hacishahin.az