XƏBƏRLƏR

Məşədi Dadaş məscidində 20 yanvar şəhidləri anıldı

20 Yanvar 2019 1299

Bu gün Məşədi Dadaş məscidində 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib.

 

Tədbir günorta namazlarından sonra məscidin imamı Hacı Şahin Həsənlinin çıxışı ilə başlayıb. Məsciddə  toplaşanlar qarşısında çıxış edən ilahiyyatçı müstəqillik uğrunda canlarından keçən şəhidlər haqda geniş söz açıb. Onun sözlərinə görə, 20 yanvar şəhidləri tarixin ən amansız və rəzil imperiyası ilə baş-başa gələrək xalqımızı istiqlaliyyətinə qovuşdurmağı bacardılar: "20 yanvar hadisəsi həmişəlik olaraq Azərbaycan tarixinə qanlı həriflərlə yazıldı. Hər hansı bir dəyərin dəyərliliyi müxtəlif yollarla aşılana bilər. Lakin dəyər uğrunda fədakarlıq ən təsirli vasitədir".

 

İlahiyyatçı şahidi olduğu 20 yanvar hadisələri, xüsusilə şəhidlərin izdihamlı dəfn mərasiminə toxunaraq bildirib ki, həmin gün xalqın içində şəhidlik məfhumu və ruhiyyəsi dirçəldi: "Şəhidlər dini ayinlərin müşaiyəti ilə dəfn olunurdu, bu da xalqın öz dini kimliyinə qayıtmasından xəbər verirdi".

 

"Sovet imperiyası öz cinayətini ört-basdır etməsi üçün Azərbaycanda İslam fundamentalistlərinin baş qaldırması barədə gülünc bir yalan uydurdu. Özlərini insan haqlarının qarantı sayan böyük dövlətlər isə həmin cinayətə ya susdular, ya da "Sovetlərin daxili işi" kimi qiymət verdilər", - ilahiyyatçı deyib.

 

 Hər bir xalqın öz müstəqil dövlətçiliyinə görə şəhidlərinə borclu olduğunu bildirən Hacı Şahin Həsənli çıxışını şəhidlərimizin ruhuna dualarla bitrib.

 

Daha sonra tanınmış quran qarisi Hacı Rəşad Ataşov əziz şəhidlərimizin ruhuna Qurani-Kərimin "Ya-Sin" surəsini oxuyub. Onun ardınca məşhur Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi vətən və şəhidlərimiz haqda şer söyləyib. Tədbirin sonunda şəhidlərimizin adına ehsan süfrəsi açılıb.

 

 

hacishahin.az

 

VİDEO



  

 FOTO