XƏBƏRLƏR

“Dinlər və məzhəblər arasında qardaşlıq mühiti milli sərvətimizdir”

06 Mart 2019 909

Azərbaycanda din dövlət-münasibətləri öz unikallığı ilə fərqlənir. Dinlər və məzhəblər arasında qardaşlıq mühiti bizim dünyaya nümunə kimi təqdim edə biləcəyimiz milli sərvətimizdir. Eyni zamanda, millətin dininə qayğı göstərən sekulyar dövlət modeli ilə də öyünmək olar. 


Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Şahin Həsənli deyib. 
O qeyd edib ki, dövlətimiz milli mədəniyyətimizin özəyi olan İslam dininə xüsusi diqqət ayırır. Dinimiz tariximiz və mədəniyyətimizlə üzvü surətdə bağlıdır. Bizim bir çox tarixi abidələrimiz dini əhəmiyyət kəsb edir. Bir çox milli adətlərimiz dini baxışlarımızı əks etdirir. Klassik incəsənət və ədəbiyyatımız isə, ümumiyyətlə irfanımızın güzgüsüdür. Dövlətimiz də bunu həmişə dəyərləndirib. İki ən böyük dini bayramlarımız ölkəmizdə rəsmi bayram sayılır. Mənəviyyatımızın rəmzi olan Bibiheybət məscidi, Gəncə İmamzadə kompleksi, Şamaxı Cümə məscidi bərpa olunub. Digər məscidlər də təmir olunur, yeniləri tikilir. Dini icmalara kommunal sahədə güzəştlər edilir, din xadimlərinə müavinətlər verilir. Qafqaz Müsəlmanları İdarəsinə mütəmadi maliyyə yardımları olunur, dini maariflənmə üçün yeni tədris müəssisələri açılır. 


“Eyni zamanda, dövlətimiz başqa ənənəvi dinlərdən də qayğısını əsirgəmir. Qeyri-müsəlman icmaları ilə müsəlman icmaları arasında heç bir fərq qoyulmur. Məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da dövlət hesabına təmir olunur. Müxtəlif dini icmalar arasında ünsiyyət təmin edilir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə son illərdə multikulturalizm və tolerantlıq mövzusunda keçirilən ən ümdə beynəlxalq tədbirlərə Azərbaycan ev sahibliyi edir. Azərbaycan İslam dünyasının birliyi və həmrəyliyi üçün çalışır. Bu sahədə böyük uğurlar əldə olunub. Bütün bunlar olduqca mühüm məsələlərdir, hətta inamın itirildiyi bir dünyada cəsarətli və müdrik addımlardır.



hacishahin.az