“Ərəb cəmiyyətində bir vaxt qız övladını xəcalət kimi qəbul edirdilər, yəni qız övladı olan başıaşağı gəzirdi. Amma belə bir zamanda Allah Peyğəmbərimizə (s) qız övladı bəxş etdi və onun nəsli xanım Fatimeyi-Zəhra (s) vasitəsiylə davam etdi”
Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli İslamın qadına baxışı haqda danışarkən deyib.
İlahiyyatçı bildirib ki, qadınlar yer üzündəki ilahi rəhmətdir:
“Ümumiyyətlə, arzu edirəm ki, hər gün qadınlarımızın günü və bayramı olsun. Həqiqətən də dinimiz qadına olduqca böyük dəyər verir. Qadın yer üzündə ilahi mərhəmətinin təcəllisidir. Peyğəmbərimiz (s) buyurub ki, qadınlar sizə Allahın əmanətidir və o əmanət haqqında sorğu-sual olunacaq. Bu, isə qadının zəif olmasıyla yox, onun dəyəriylə bağlıdır. Eyni zamanda Peyğəmbər (s) buyurur ki, qadına əl qaldıranlara Qiyamət günü düşmən olacaq. Qadın Allahın insanlara bəxş elədiyi bir nemətdir. Hədislərdə var ki, kim üç qız uşağını tərbiyyə etsə, cənnət ona vacib olar. “Qurani-Kərim”də "Məryəm" sürəsi var və orda Həzrət Məryəm (s) bütün bəşəriyyətə bir nümunə olaraq təqdim olunur. Ərəb cəmiyyətində bir vaxt qız övladını xəcalət kimi qəbul edirdilər, yəni qız övladı olan başıaşağı gəzirdi. Amma belə bir zamanda Allah Peyğəmbərimizə (s) qız övladı bəxş etdi və onun nəsli xanım Fatimeyi-Zəhra (s) vasitəsiylə davam etdi. Bütün bunlar onu göstərir ki, qadınlar çox dəyərlidir və “Qurani-Kərim” də, hədislər də bu dəyəri bizə çatdırır.
Xanımlarımızı bayram münasibəti ilə təbrik edirəm. Allah hər birinə uzun və bərəkətli ömr inayət etsin. Azərbaycan qadını xüsusilə öz ismətiylə seçilən bir qadındır. Arzu edirəm ki, Allah qadınlarımızı dəyərləndirməyi bizə nəsib etsin”.
hacishahin.az