XƏBƏRLƏR

Məbəs, yəni təkan...

02 Aprel 2019 1514

İlahiyyatçı Hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində Məbəs bayramı ilə bağlı təbrik paylaşıb. Təbrikdə deyilir:

 

“Məbəs hərfi mənada “təkan verilən gün” deməkdir. Dilimizdəki “bais” sözü də “məbəs”lə eyni kökdəndir. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi və Qurani-Kərimin nazil olmağa başladığı günə də Məbəs deyilməsində bir məna var. Yəni, bəşəriyyəti hərəkətə gətirəcək, sivilizasiyanın mühərriki olacaq bir şəxs və bir kitabın göndərildiyi gün. İslam, yəni hərəkət, irəliləyiş, yenilənmə, canlanma, şövq və yaradıcılıq. 

 

 

VII əsr bəşər tarixində ən durğun dövr idi. Vaxtı ilə sivilizasiyanı öz çiyinlərində irəliyə aparan böyük imperiyalar görünməmiş bir durğunluqda idilər. Hər şey tükənmişdi. Hər şey köhnəlmişdi. Bezmiş və yorulmuş bəşəriyyət axtarışda idi. Elə bu zaman Məbəs baş verir.

 

 

Mədəni dünyanın perefiriyası olan Ərəbistan səhralığında İslam dini zühur etdi. Bu zühur sırf müsəlman mədəniyyətinin yaranması və inkişafı ilə nəticələnmədi. Əksinə, digər mədəniyyərlərin canlanmasına da təkan verdi. Dünyada  müzakirələr üçün ən açıq meydan, yeni eksperimentlər üçün ən mütərəqqi fəza məhz Peyğəmbərin (s)  qurduğu cəmiyyət oldu. Başqaları da bununla ayaqlaşmaq məcburiyyətində qaldı.

 

 

Tarixi səhvlər bu vəzifəni müsəlmanların əlindən aldı. Bu gün keçmişimizlə öyünürük, lakin yenidən durğunluq dönəminə qədəm qoymuş dünyanın canlanması barədə düşünmürük. Bəzən bu durğunluğu, tükənməni, köhnəlməni görə bilmirik. Dünya isə canlanmaq üçün yeni təkana ehtiyaclıdır. Dünya yeni Məbəsə ehtiyaclıdır. İslam yenidən hərəkət, irəliləyiş, yenilənmə, canlanma, şövq və yaradıcılıq olmağa ehtiyaclıdır. Bu isə biz müsəlmanların üzərində olan ən başlıca məsuliyyətdir.

 

 

Məbəs arzusu ilə hər birinizi bu əzəmətli bayram münasibətilə təbrik edirəm. 

 

Bayramınız mübarək!”


hacishahin.az