Aprelin 4-ü Məşədi Dadaş məscidinin dini icması və Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin üzvləri aprel şəhidlərinin əziz xatirəsini yad edib.
Məscidinin imamı ilahiyyatçı Hacı Şahin Həsənlinin iştirakı ilə icma üzvləri İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət ediblər. Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti, qazi Rövşən Quliyev, "Həmvətənlərə Dəstək" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, qazi Elmar Hüseyn, Qarabağ qazilərimiz Rasim Ələkbərov, Hacı Əsgərov, Əkrəm Teymurov, Rafiq Əliyev, İlkin Ziyadov, Etibar Ağakişiyev, Rauf Quliyev, İkram Rəhimov, Eşqin Hüseynov, Yasin İsmayılov və Qurban Əliyev də ziyarətə qatılıblar. Məzarlar üzərinə əklil qoyulub, şəhidlərimizin ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunub, Ordumuzun qələbəsi üçün dualar edilib.
Toplananlar qarşısında çıxış edən Hacı Şahin Həsənli aprel döyüşlərində əldə olunan qələbəni strateji adlandırıb. Onun sözlərinə görə, mühüm mövqelərin azad olunması ilə gəncliyimizin və Ordumuzun yüksək döyüşkənlik ruhiyyəsinini ortaya qoydu. Bu ruhiyyənin qorunması və Vətən sevgisi ölməz şəhidlərimizin sayəsində mümkün olur. Daha sonra ilahiyyatçı çıxış üçün sözü qazilərə verərək bildirib ki, onlar xatirələrini bölüşməklə gənlərimizə örnək göstərmiş olurlar. Öz növbəsində qazilərimiz bu təşəbbüsə görə Hacı Şahin Həsənliyə təşəkkürünü bildirərək, onun şəhidlik və vətənpərvərlik dəyrələrinin aşılanması uğrunda çalışmasını yüksək dəyərləndiriblər. Vətən uğrunda daim canlarından keçməyə hazır olduqlarını bildirən qazilərimiz ibrətli və təsirli döyüş xatirələri ilə bölüşüblər. Sonda şəhid Cəfərov Rövşənin anası ziyarətçilər qarşısında çıxış edərək oğlunun igidliyindən söz açdı. Ananın ruhlandırıcı sözlərindən sonra "Şəhidlər ölməz! Vətən bölünməz!" şüarları səsləndirildi.
Qeyd edək ki, 2016-cı il aprelin 2-dən 5-nə qədər işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatına əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu qələbə çalıb. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra strateji mövqelər düşməndən azad olunub.
hacishahin.az