2016-cı il aprel döyüşlərinin ildönümü ilə bağlı ilahiyyatçı hacı Şahin Həsənli fikirlərini öz rəsmi Facebook səhifəsində bölüşüb:
"Aprel döyüşlərindən bir il ötür. Həmin döyüşlərin nəticəsi yalnız torpaqların bir hissəsinin qaytarılması deyil, həm də cəmiyyətimizin mənəvi dirçəlişi və birliyi oldu. Şübhəsiz, bunlar əziz şəhidlərimizin sayəsində mümkün oldu. Hər bir şəhid qanı ilə bir çıraq yandırır ki, bütün cəmiyyət qeyri-ixtiyari olaraq həmin çırağın işığı ilə nuraniləşir. Şəhid fəzanı dəyişir. Şəhid dünyanın gedişatını dəyişir".
Daha sonra Ş. Həsənli böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın "Analar oxşaması" şerindən bir parça paylaşıb:
Şəhadət bir səadət ki, hər kəs ona çata bilməz,
Allah ilə alım-satım, hər kəs alıb sata bilməz.
İnsan gərək özün atsın, hər kəs özün ata bilməz,
Təkcə şəhidlərdir çatan bunca böyük səadətə,
Şəhid balam, bayram sənin, görüş qalsın qiyamətə.
Qeyd edək ki, ilahiyyatçı-alim və axundu olduğu Məşədi Dadaş məscidinin icması bu günlərdə şəhid ailələrinə baş çəkərək şəhidlərin il mərasimlərində iştirak edirlər.
hacishahin.az