XƏBƏRLƏR

Təhsil ocaqlarında din tədrisi - SORĞU

30 Aprel 2019 1073

Yeni tədris ilindən ümumtəhsil və ali təhsil müəssisələrində dinin tədrisi ilə bağlı qərar geniş müzakirələrə səbəb olub. Dünyəvi dövlət olan Azərbaycanda bu qərara normal yanaşan və zəruri olduğunu hesab edənlərlə yanaşı onu narazılıqla qarşılayanlar da var. Xüsusilə orta məktəb şagirdlərinin valideynləri düşünür ki, dərs yükü ağır olan məktəblilər üçün dini təhsil onların proqramını daha da ağırlaşdıracaq.


İslam dinin tədrisi zamanı təriqət və məzhəb məsələsinin qabardılması ilə bağlı narahatlıq keçirənlər də var.

 

Teleqraf.com sözügedən müzakirələrlə bağlı sorğu keçirib.

 

 

“Şagirdlər çox yüklənməyəcək”


 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin fikrincə, orta və ali məktəblərdə dinin tədrisi müsbət addımdır. Din vasitəsilə manipulyasiyalar edildiyi, dindən siyasi məqsədlər üçün istifadə olunduğu bir dövrdə din haqqında gənclərdə ümumi təsəvvürün formalaşması zəruridir: “Bəziləri əsas gətirir ki, Azərbaycanda təhsil dünyəvidir və dinin tədrisi təhsilin dünyəvi xarakterinə ziddir. Hesab edirəm ki, bu, təhsilin dünyəviliyi ilə hər hansı ziddiyyət təşkil eləmir. Söhbət dinlər haqqında minimum məlumat verilməsindən gedir”.

 

İlahiyyatçının sözlərinə görə, bir sıra ölkələrdə bu praktika tətbiq edilir, Azərbaycanda da ənənəvi dinlər haqqında bilgilər veriləcək: “Təbii ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu nəzərə alıb, islam dini haqda geniş məlumat veriləcək, ümumilikdə bütün dinlər barədə biliklər olacaq. Radikallığın qaynağının göstərilməsi indiki dövrdə xüsusilə zəruridir”.

 

Hacı Şahin Həsənli vurğulayıb ki, hər hansı məzhəb heç bir vəchlə xüsusi qabardılmayacaq: “Azərbaycanda olan ənənəvi inanclar haqda ümumi məlumat veriləcək, konkret hansısa görüşün xüsusi qabardılmasından söhbət gedə bilməz”.

 

Orta məktəblərdə dini tədrislə şagirdlərin əlavə yüklənməsinə dair iddialara gəlincə, ilahiyyatçı bildirib ki, bir sıra ölkələrdə bu dərslər könüllülük əsasında tədris edilir: “Bizdə də proqram ağır olmayacaq. Hesab edirəm ki, dinlər, peyğəmbərlər haqda məlumat şagirdlərə maraqlı görünəcək”.

 

 

Bəyəm xristian dinində məzhəb yoxdur?


 

“Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu deyib ki, mədrəsələrdə, dini yönümlü tədris müəssisələrində dinin tarixi, fəlsəfəsi ilə yanaşı, şəriət də öyrədilə bilər, ancaq dünyəvi məktəblərdə vəziyyət fərqli olmalıdır: “Şagird dünyəvi nöqteyi-nəzərdən dinlərin nə vaxt yarandığı, mənşəyinin haraya gedib çıxdığı barədə məlumat alsa, yaxşı olar. Bilgi artıqlığının nə ziyanı var ki?”

 

Fəxri Uğurlunun sözlərinə görə, multikulturalizm dünyada ehtiyac duyulan dünyagörüş formasıdır: “Son onillikdə dünyada təfriqələr, dini-etnik qarşıdurmalar tüğyan edir. Multikulturalizm isə insanlara, xalqlara, ayrı-ayrı inanclara, etnik qruplara, müxtəlif mədəniyyət daşıyıcılarına bir yerdə yaşamağı öyrədən düşüncə sahəsidir.

 

Bu baxımdan ölkəmizdə multikulturalizmin dövlət siyasəti elan olunması da təqdirəlayiq və nümunəvi haldır. Multikulturalizm fənninin tədrisinin heç bir zərəri yoxdur, əksinə xeyri var”.

 

Fəxri Uğurlunun fikrincə, məzhəblər barədə məlumatlandırmadan da da heç bir narahatlığa ehtiyacı yoxdur: “Dində məzhəblərin olması təbiidir. Bəyəm xristian dinində məzhəb yoxdur? Xristian uşaqlara bunu öyrətmirlər? Əksinə, mənşəyinin haradan gəldiyi, səbəblərin nə olduğu bilinsə, obyektiv şəkildə tədris aparılsa, bəlkə bu da gələcəkdə uşaqların xurafata yuvarlanmasının qarşısını alar”.

 

“İnformasiya heç bir halda qorxulu sayıla bilməz”

 

 

Publisist Qurban Yaquboğlu hesab edir ki, din bilgisinin verilməsini din təbliğatı kimi qəbul eləmək düzgün deyil: “İnformasiya heç bir halda qorxulu sayıla bilməz. Söhbət din tədrisindən gedirsə, aydın məsələdir ki, islamla bərabər digər dinlərin də tədrisi nəzərdə tutulur. Bundan başqa, tədris sekulyar məktəblərdə aparılacaq.

 

Bununla belə, bəzi detallar aydınlaşdırılmadır. Şəxsən mən yuxarı sinif şagirdlərinə dinlə, o cümlədən islamla bağlı təməl bilgilərin çatdırılmasına tərəfdaram. Onsuz da bu anlayışlarla ya inanclı, ya da ateist olaraq qarşılaşacaqlar”.

 

Qurban Yaquboğlu qeyd edib ki, bu bilgilər məzhəbi və ya təriqət yönümlü olmamalıdır: “Məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət etsə, daha düz olar”.

 

 

“Ateizm də tədris olunmalıdır”


 

Dini yönümlü məktəblərdə din tarixinin tədrisinin əleyhinə olmadığını deyən Sahib Məmmədov bildirib ki, sadəcə yanaşma fərqini qəbul etmir. Onun fikrincə, din tarixi ümumi tarix dərsliyinin tərkibində öyrədilməlidir: “Məktəblərdə dinin hansı formada tədris olunacağı bilinmir. Ümumi tarix kursu çərçivəsində bütün dinlərin yaranışı, inkişafı, təşəkkülü, dini zəmində müharibələr, din ideologiyasını yaymaq adı altında imperiyaların formalaşması və bu kimi məsələlərin tədrisinin tərəfdarıyam.

 

Həm səmavi dinlərin, həm də dünyada böyük əhali kütləsinin sitayiş etdiyi dinlərin tarixlərinin öyrədilməlisinə məhz tarix kimi baxılmalıdır. Zənnimcə, Təhsil Nazirliyi də çalışır ki, məsələyə bu cür yanaşsın.

 

Amma dini lobbi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin planları bir qədər fərqlidir və bu, narahatlıq doğurur. Onlar daha çox islamın öyrədilməsini istəyir, nəticədə söhbət bir dinin məktəblərdə tədrisindən gedir. Bu isə dini tədris deməkdir.

 

Konstitusiyaya görə, din məktəbdən ayrıdır, dini təhsilə ancaq ixtisaslaşmış təhsil müəssisəsində yol verilə bilər. İslam Universiteti, İlahiyyat İnstitutunda, hansısa universitetlərin kafedralarında bu ola bilər.

 

Əhalinin çox hissəsi müsəlmandır deyə daha çox islamın tədrisinə yer veriləcəyi deyilir. Amma dərhal sual çıxır: hansı təriqət daha çox öyrədiləcək?

 

Ölkəmizdəki müsəlmanların yarıdan çoxu şiə təriqətinə mənsubdur, digərləri, sünni, qeyri-ənənəvi, vəhhabilik də yayılıb. Artıq məktəb səviyyəsində insanların dini zəmində parçalanmasına gətirib çıxaracaq, ya yox? İnsanları məktəb yaşından dini təlimlərə cəlb etməyin mənası nədir?

 

Biz elmli, yüksək təhsilli nəsil yetişdirməliyik. Elmi olan şəxs kamil olacaq. Kamil olan seçim etməyi bacaracaq. Bizim məktəbin borcu bu gün elm verməkdir. Din isə elm deyil”.

 

Sahib Məmmədov dini tədrisi həyata keçirən kadr məsələsinə də toxunub: “Sovet dövründə ali məktəblərdə elmi ateizm tədris olunurdu. Adı elmi ateizm olsa da, orada dinlərin tarixi mükəmməl öyrədilirdi. Mən əslində ilk dəfə dinlərin tarixini oradan öyrənmişəm. O vaxt baza ləğv olundu, müəllim potensialı sıradan çıxdı, yeni kadrlar hazırlanmadı.

 

Belə olan halda digər fənləri tədris edən müəllimlərə 1-2 ay kurs keçib onları dini tədrisə yönəltmək təhlükəlidir. Çünki hər birimizin, eləcə də bu müəllimlərin öz əqidəsi, düşüncə və dinə münasibəti var. Heç kəs zəmanət vermir ki, hətta proqram əsasında keçirilən təlimlərdə müəllimlər öz əqidəsini şagirdlərə təlqin etməyəcək”.

 

Sahib Məmmədov xatırladıb ki, ölkə konstitusiyasına görə, hər kəsin vicdan azadlığı var, bu isə həm dinə inanmağı, həm də inanmamağı ehtiva edir: “Əgər dini tədris aparılırsa, onda ateizm də tədris olunmalıdır. Kursa “Həyat bilgisi” adı qoyurlarsa, niyə ancaq dini qabartmalıdır, əksini yox? Bu yanaşma bizim konstitusiyaya ziddir.

 

Bəziləri bu yanaşmanı din əleyhinə fikirlər kimi qəbul edir. Şəxsən mən din daşıyıcısı olmasam da, ateist də deyiləm. Dini təhsil yalnız ixtisaslaşmış təhsil ocaqlarında keçilməlidir”.

 

 

“Müzakirə açanlar hədəfdən yayınırlar”


 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədli müzakirələri təəssüflə qarşılayır.

 

Onun sözlərinə görə, fikir mübadilələri zamanı hədəfdən yayınmalar var: “Birincisi, orta məktəbdə tədrisdən söhbət getmir. Hələ müxtəlif müzakirələr gedir. Ali məktəblərdə isə yeni tədris ilindən etibarən “Multikulturalizmə giriş” fənni əsas fənn kimi tədris olunacaq. 2015-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən magistratura pilləsində “Azərbaycan multikulturalizmi”, bakalavriat pilləsində isə “Multikulturalizmə giriş” fənni seçmə fənn kimi keçilir.

 

“Azərbaycan multikultiralizmi” fənni ilə bağlı dərs vəsaiti çap olunub, ingilis dilinə tərcümə edilib və dünyanın 20 beynəlxalq universitetində tədris olunur”.

 

Yadigar Məmmədli bildirib ki, 4 ildir seçmə fənn kimi tədris edilsə də “Multikulturalizmə giriş” kursuna aid dərslik yoxdur və DİM-lə birgə onun üzərində iş gedir: “Kitabın müəllifləri din sahəsində çalışan insanlar, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləridir. Dərslik ümumən multikulturalizm anlayışından, onun ölkəmizdəki vəziyyətindən, dünyada olan multikultural modellərin müqayisəli təhlilindən ibarət olacaq”.

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə əsas hədəf kənara qoyulur: “İnsanlar daha çox dinin, şəriətin tədrisini qabardırlar. Bu, belə deyil. Söhbət “Multikulturalizmə giriş” fənni adı altında dünyəvi dinlər haqqında ümumi biliklərin verilməsindən gedir. İnsanlar kitab ortaya çıxmamış yuxuda gördüklərini yozurlar... Bu müzakirəni aparanlar hədəfdən tam uzaqdırlar.

 

Hamımız üçün multikultural həyat adidir, insanları dinindən, irqindən, dilindən asılı olmayaraq sevirik, qonşunun, yaxının kim olduğunu soruşmadan ünsiyyət qururuq, sünni şiə ilə evlənir, yaxud ayrı-ayrı dinin daşıyıcıları ailə qurur.

 

Azərbaycanda əhalinin 96 faizi müsəlman olsa da, bizdə hətta erməni kilsəsi, sinaqoqlar da var.

 

“Multikulturalizmə giriş” kursunda ömrü boyu burada yaşayan aborigen etnik qruplarla bərabər dini konfessiyalar haqda da məlumatlar olacaq. Səmavi dinlərin yaranma tarixi barədə ümumi biliklər yer alacaq.

 

Təbii ki, islam dininin şəriət qaydalarından söhbət gedə bilməz. Din də bir elmdir. Dünyada dinlər elm kimi öyrədilir. Başa düşmürəm insanlar niyə dini elm kimi öyrənməklə şəriət kimi öyrənməyi qarışdırırlar?”

 

Ateizmin öyrədilməsi təklifinə gəlincə, şöbə müdiri qeyd edib ki, bu fikri səsləndirənlər sovet dönəmi ilə indini dəyişik salırlar: “Dünyanın heç yerində ateizm adlı fənn tədris olunmur. Dini qəbul edənlər üçün bir fənn, qəbul etməyənlərə başqa fənn tədris etmək absurddur.

 

Biz mütəxəssisləri bir araya yığıb kitab hazırlayırıq. Bir daha qeyd edirəm, onun bir bəndi dinlərlə bağlı, digər bəndlər multikulturalizmə dair olacaq”.

 

“Multikulturalimə giriş” fənninin tədris edən kadrlar məsələsinə toxunan Yadigar Məmmədli qeyd edib ki, 5 ildir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu fənni öyrədən müəllimlər üçün treninqlər keçir: “Mərkəz universitetlərə müraciət göndərir və bunun əsasında ali məktəblər adlar təklif edir, müəllimlər gələrək treninqlər keçir. Növbəti treninqlər sentyabr ayında olacaq. Çünki yeni tədris ilində əsas fənn kimi keçiləcəyinə görə universitetlərdən müraciətlər çoxalıb və yeni dərslik əsasında təlim aparılacaq.

 

Təlimçilər kitab müəllifləri olan peşəkar mütəxəssislər olacaq.

 

Sonda kurs keçən şəxslərə sertifikat təqdim olunur ki, ali məktəblərdə bu fənnin bölgüsü zamanı həmin müəllimlərə üstünlük verilə bilər”.

 

 

 

teleqraf.com