
Fitr bayramının yeganə vacib ibadəti fitrə zəkatının ödənilməsidir, digər ibadətlər isə bəyəniləndir. Bayram günü oruc tutmaq günahdır.
Bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün və onun öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxartmalıdır. Öhdəsində olan adamlar dedikdə ailə üzvləri, qonaqları, baxdığı insanlar və s. nəzərdə tutulur. Maddi təminatı başqasının öhdəsində olanlara və fəqirlərə zəkat vacib olmasa da, zəkat vermələrində bir eyb yoxdur.
Bu zəkat mömin fəqirlərə çatdırılmalıdır. Mömin fəqir tapmaq mümkün olmadıqda, onu istənilən müsəlman fəqirə vermək olar. Xarici ölkələrdə yaşayan soydaşlarımız fitrə zəkatını vətənlərinə yollaya bilərlər. Fitrəni verən adam fəqirin heysiyyatını və izzətini qorumalıdır. Seyyid fəqirlərə yalnız seyyidlər fitrə zəkatı verə bilər. Zəkatı bayram namazına qədər ünvanına çatdırmaq yaxşıdır, zöhr azanından sonraya qədər isə gecikdirmək olmaz. Onun ödənilməsini etibarlı insanlara həvalə etmək də olar.
Fitrə zəkatının miqdarı adam başı 3 kq düyü, buğda, arpa, xurma və s. ərzaqlardır. Müasir dövrün tələblərini nəzərə alaraq, yaxşı olar ki, fitrəni ərzaqla deyil, onun ekvivalenti olan pul miqdarı ilə çıxartsınlar. Qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar. Lakin, imkanı olanların bahalı ərzaqları meyar götürərək yardımlaşmaya daha çox qatqı etmələri bəyənilir. Orta hesablama ilə, imkan daxilində ftrə zəkatı adambaşı 5-10 manat arası hesablnsa daya yaxşı olar.
hacishahin.az