Modern.az-da “Sonuncu zəng” rubrikasının növbəti təqdimatı aprel şəhidi Mahir Mirzəyevə həsr olunub. Qeyd edək ki, rubrikada vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır. Modern.az-ın şəhid Mahir Mirzəyevlə bağlı suallarını atası Sabir Mirzəyev cavablandırıb.
Şəhid atası deyib ki, Mahir adı kimi mahir oğul idi. Hər işi bacarırdı. Təkcə savadıyla deyil, istedadıyla da fərqlənirdi. Rəsm çəkməyi, ustalığı bacarırdı. İctimai işlərdə olduqca fəal idi. Həm də dinə bağlı insan idi. Orucundan, namazından qalmazdı:
“Hacı Şahinlə birlikdə məscidlərə gedər, xütbələrdən bəhrələnərdi. Mən deyərdim ki, ailədən, məktəbdən sonra ən gözəl tərbiyəni məhz orda götürüb. Ailə, xalq, vətən sevgisi Allaha inamından qaynaqlanıb. Yaşının az olmasına baxmayaraq, mən onunla məsləhətləşirdim. Sirlərini mənimlə bölüşürdü. Ata-bala münasibətindən əlavə, biz həm də dost idik”.
Mahirin idealı Mübariz İbrahimov idi. O, özünə Mübariz kimi şərəfli ölüm arzulayırmış. Mahirdə o qədər böyük vətən sevgisi var idi ki, ölümdən heç qorxmazdı. Hərbi xidmətə yollandıqda atasına “bəzən adam şəhid olmaq istəyir, şanlı-şöhrətli ölüm istəyir” deyib: “O belə deyəndə biz pis olduq “elə demə, bala” söylədik. O isə biz pis olmayaq deyə zarafat etdiyini bildirdi. Sən demə, məqsədi elə bu imiş Mahirin”.
hacishahin.az