İlahiyyatçı Hacı Şahin Həsənli Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda ədəbi-bədii gecədə iştirak edib.
AZƏRTAC-ın məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda, bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şeir müsabiqəsinə yekun vurulub və müsabiqənin qalibləri mükafatlandırılıblar.
Tədbirdə Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov, qəzəlxan şair Arif Buzovnalı, Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev, Azərbaycan Yazarlar Birliyinin katibi, şair və esseist İlqar Fəhmi, İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov və iraqlı qonaq Əli əş-Şükri çıxış ediblər.
Daha sonra qaliblərin adları açıqlanıb. Birinci yeri Kamal Hüseynzadə, 2-ci yeri Vəlixan Abdullayev, 3-cü yeri isə Xəyal İsmayılov qazanıb. Tədbir muğam ustalarının musiqili proqramı ilə davam edib.
Qeyd edək ki, ikinci yeri tutan Vəlixan Abdullayevi ilahiyyatçı Hacı Şahin Həsənli təltif edib.
hacishahin.az