XƏBƏRLƏR

Aİİ-də Azərbaycanda Məhərrəmlik mərasimləri müzakirə olunub

25 Sentyabr 2019 993

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün” mövzusunda dəyirmi masa” keçirilib.

 

Tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Onun sözlərinə görə, Kərbəla hadisəsi birlik və bərabərliyimizi möhkəmləndirməli, vətənpərvərliyimizi, düşmənə qarşı mübarizə ruhumuzu daha da gücləndirməlidir.  Rektor, Aİİ ənənələrinin qorunub saxlanılması ilə yanaşı qanvermə aksiyalarının təşkil olunmasını humanist bir töhfə adlandırıb.

 

Daha sonra QMİ sədr müavini F. Nurullayev də Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən qanvermə ənənəsinin tədricən digər müsəlman ölkələrinə də yayıldığını bildirib.

 

Şərqşünas, Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli də çıxış edərək  bildirib ki, Aşura insanlıq sevgisi ətrafında hamını bir araya gətirən dəyərdir. Ondan parçalanma, təxribat, ayrı-seçkilik üçün istifadə etmək həm İmam Hüseynə (ə), həm xalqımıza, həm də Allahın bizə lütf etdiyi ən böyük nemət olan müstəqil dövlətçiliyimizə qarşı xəyanətdir.

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Kərbəla hadisəsinin müsəlmanların birlik nöqtəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə,  Məhərrəm ayı döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də İmam Hüseynin (ə) şəhadəti ilə tarixə həkk olunub. Məzhəbindən asılı olmayaraq, bu faciəni tarix boyunca, bütün müsəlmanlar dərin hüznlə qarşılamış, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmuşlar.

 

Öz növbəsində ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Aşura tədbirlərinin Məhərrəm ayında sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmə, yardım etmə kimi aksiyalar kütləvi hal almaqdadır.

 

İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov Kərbəlada baş verənləri “haqq-batil” mübarizəsi prizmasından dəyərləndirib. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov isə çıxış nitqində bildirib ki, Kərbəla hadisəsi mahiyyət nöqteyi-nəzərindən ali dəyərlərə sarılmağı, haqq uğrunda fədakarlığı, dürüst yaşamağı, zülmdən uzaq durmağı ifadə edir. Tədqiqatçı Natiq Rəhimov vurğulayıb ki, klassiklərimizin əksəriyyəti öz yaradıcılıqlarında Kərbəlada baş vermiş hadisələrə xüsusi yer ayırıb, İslam Peyğəmbərinə və Əhli-Beytə məhəbbətlərini bildirmişlər. Sonda Azərbaycan İlahiyyat İnstitutunun ikinci kurs tələbəsi Fərid Qasımzadə çıxış edərək İmam Hüseyn (ə) və azsaylı tərəfdarlarının göstərdiyi ədalət, əxlaq, vəfa, qəhrəmanlıq və digər nümunələr insanlığın təməl prinsiplərini təşkil etdiyini söyləyib. Onun sözlərinə görə, zaman və məkanın fövqündə duran bu prinsiplər ümumbəşəri xarakter daşıyır.

 

hacishahin.az