Bu gün ilahiyyatçı Hacı Şahin Həsənli İtaliyadan gələn katolik din xadimləri ilə görüşüb.
Azərbaycanda səfərdə olan katolik kilsəsinin nümayəndələrinin təşəbbüsü ilə keçirilən görüşdə müsəlman-xristian dialoqu, gündəmdə olan dini mövzular, Azərbaycanda dini durum, tolerantlıq ənənəsi və Qarabağ münaqişəsi haqda söz açılıb. Görüşün məhərrəm ayına təsadüf etdiyi üçün qonaqlar Kərbəla hadisəsi və Ərbəin ziyarəti haqda maraqlanıblar.
Öz növbəsində ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, Azərbaycanda əsrlərlə müxtəlif din və məzhəb nümayəndələri sülh və qardaşlıq içində yaşayıblar. Azərbaycan heç zaman kiminsə torpağına göz dikməyib. Lakin, hazırda yaşadığımız yeganə münaqişə əzəli torpağımız Qarabağın işğalı ilə bağlıdır. Ölkəmiz dünyaya açıqdır, müxtəlif inteqrasiya proseslərinə qoşulur, lakin bu prosesi öz köklərinə və kimliyinə sadiq qalaraq həyata keçirir. Əhalimizin mütləq əksəriyyətinin müsəlman olmasına baxmayaraq, azlıqda olan digər din nümayəndələri buranı öz doğma vətəni hesab edir. Azərbaycanın dini mərkəzi Qafqaz Müsəlmanları İdarəsidir ki, bu qurumun təşəbbüsü ilə ölkəmizdəki ənənəvi dini icmaların başçıları hər zaman bir mövqe nümayiş etdiriblər. Azərbaycanın tolerantlıq ənənəsi dərin tarixi köklərə malikdir və dünyaya nümunə sayıla bilər.
Hacı Şahin Həsənlinin sözlərinə görə, müasir dönəmdə olduqca mühüm məqamlardan biri də budur ki, inanclı insanlar Allaha bağlılıq və sevgi ətrafında birləşərək dünyamızın çiçəklənməsi üçün çiyin-çiyinə çalışsınlar. İmam Hüseynin (ə) başçılıq etdiyi Kərbəla hərəkatı da bir insanlıq mesajıdır. Kərbəlada altı aylıq körpədən başlayaraq doğsan yaşlı ağsaqqala qədər kişiləri qətlə yetirdilər, qadınları və uşaqları əsir apardılar. Hər il Aşura mərasimini qeyd edən Azərbaycan xalqı insanlığa qarşı zorakılığa etiraz edir. Aşura bizə öyrədir ki, şəraitdən asılı olmayaraq insan Allaha sevgisi və insanlığa qarşı fədakarlıq yolundan dönməməlidir. Ərbəin ziyarəti də dini və milli mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanı ona görə cəzb edir ki, burada insaniyyətə və ilahi eşqə dayanan həyat modeli nümayiş olunur. İnsanlar, "başqasına nə verə bilərəm, necə xidmət edə bilərəm" məntiqi əsasında münasibət qurur, təmənnasız məhəbbətdən xoşbəxtlik halı yaşayırlar.
Qonaqlar İslamla yeni bucaqdan tanış olduqlarını söyləyərək müxtəlif suallar verdilər. Onların bildirdiyinə görə, Azərbaycanda canlı müşahidə etdikləri və Ş. Həsənlinin izah etdiyi İslamla ekranlardan təbliğ olunan İslam arasında ciddi fərq var.
Görüşün sonunda qonaqlara Qarabağ və Azərbaycanın mədəniyyəti haqda kitablar hədiyyə olunub.
hacishahin.az