
"İmam Sadiq (ə) İslam tarixinin intellektual dirçəliş rəmzidir. Babası Peyğəmbərdən (s) sonra müsəlmanlar təlatümlü dövrə qədəm qoydu. Vətəndaş savaşları İslamın müxtəlif firqələrə bölünməsinə rəvac verdi. Bu şəraitdə həm müsəlmanların birliyini, həm də elmi-mədəni dirçəlişini təmin etmək zəruri idi. Bu missiyanı da İmam Sadiq (ə) öz üzərinə götürdü".
Bu sözləri İmam Sadiqin (ə) mövludu münasibətilə ilahiyyatçı Hacı Şahin Həsənli yazıb. Onun sözlərinə görə, ictiami fəallar imamla (ə) məsləhətləşər, müxtəlif təriqətlərin təmsilçiləri ondan dərs alar, fərqli əqidələrin nümayəndələri, o cümlədən allahsızlar onunla Peyğəmbər (s) məscidində polemikaya girərdi. Daha sonra ilahiyyatçı fikrini davam edib:
"Bütüt fərq və ixtilaflara rəğmən, İmam Sadiq (ə) hər kəs üçün birləşdirici nöqtə idi. Onun səyləri nəticəsində müsəlmanlar arasında ictimai-siyasi sabitliyi bərqərar olundu, elmi-mədəni inkişafa təkan verildi. Bu gün qürur duyduğumuz İslam intibahının banisi, şübhəsiz, İmam Cəfər Sadiq (ə) sayılmalıdır. Belə bir şəxsin Peyğəmbərlə (s) bir gündə dünyaya gəlməsi İlahidən bir işarədir, yəqin ki".
Sonda ilahiyyatçı mövlud münasibətilə hər kəsi təbrik edib: "Hər birinizi bu bayram münasibətilə ürəkdən təbrik edir, İmam Sadiqin (ə) yaşatdığı dəyərləri yaşatmağı arzu edirəm!"
hacishahin.az