XƏBƏRLƏR

"Türk müsəlmanlar cahildir" fikrinə ilahiyyatçıdan açıqlama

11 Dekabr 2019 852

"Dəvətini "oxu" kəlməsi ilə başlayıb, böyük bir sivilizasiyanın əsasını qoyan bir dini cahillik adlandırmaq insafsızlıqdır"


Məşhur türkiyəli geologiya professoru Celal Şengörün Azərbaycanda tələbələrlə təşkil olunan görüşdə dediyi sözlər qalmaqala yol açıb.

 

Professor tələbələrdən birinin "sizcə, müasir dövrdə türklər niyə cahil qaldılar” sualına "xeyr, türklər cahil qalmadılar. Onlar özlərini cahil etdilər. Ən cahil türklər müsəlman olan türklərdir”- deyə cavab verib.

 

Onun bu sözləri sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

 

Professorun səsləndirdiyi fikirlərlə bağlı Mediapost.az-a açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, bütöv bir xalqın savad və mədəniyyətini etnik və ya dini mənsubiyyət əsasında ölçmək ümumiyyətlə mümkün deyil:

“Bu yanaşma müstəmləkəçilik dövrünün Avropasına xasdır. Ağdərili xristianları hər kəsdən üstün saydıqları və işğalçılıqlarına bəraət qazandırmaq üçün başqa xalqları dini və etnik mənsubiyyətinə görə mədəniyyətsiz, barbar və cahil adlandırırdılar. Beləliklə, özlərini mərifət və mədəniyyət nurunu çatdıran xilaskar kimi qələmə verirdilər. Lakin bu köhnəlmiş ənənəvi düşüncələr artıq Avropada da dəbdən düşüb, amma bəziləri hələ də natamamlıq kompleksindən qurtula bilmirlər".

 

Din xadiminin sözlərinə görə, sırf texnoloji inkişafı savadlılığın və ya mədəni yüksəkliyin meyarı kimi qəbul etmək yanlışdır:

"Hər bir xalqın öz üstün və mənfi cəhətləri, mütərəqqi və vəhşi adətləri var. Sırf texnoloji inkişafı da savadlılığın və ya mədəni yüksəkliyin meyarı kimi qəbul etmək yanlışdır. Bəzi xalqlar üçün mühüm olanı təbiətlə həmahəng yaşamaqdır, bəziləri üçün təbiətə qalib gəlmək. Birincilər təbiətə zərər yetirmir, ikincilər isə ekoloji fəlakət yaradır. Bəzi xalqlar bahalı restoranlarda işgəncə ilə bəslənilən və öldürülən heyvan əti yeyir, bəzi xalqlar isə bunu insanlığa yaraşdırmır. Bəziləri daxili boşluğunu doldurmaq üçün gündə bir əyləncə növü icad edir, bəziləri o qədər xoşbəxtdirlər ki, bu cür texnoloji inkişafa lüzum duymurlar. Qısaca, hər parıldayan qızıl deyil. Əgər ictimai düzənin, mədəniyyətin, elmin nailiyyətləri insanı xoşbəxt edə bilməyibsə, yaxud bütün bu nəaliyyətlər başqa xalqların qanı üzərində qurulubsa, belə inkişafın özünə tərəddüdlə yanaşmaq gərəkdir”.

 

İlahiyyatçı türk xalqına gəldikdə isə bu xalqın İslam dinindən yararlanaraq, böyük bir mədəniyyət yaratdığını qeyd edib:

“İnsanlıq daha artıq, köklü inkişaf konsepsiyasına ehtiyaclıdır. Elm adamları da gərək bu haqda düşünsünlər. Müsəlman türkləri cahillikdə ittiham etmək tamamilə qeyri-obyektiv yanaşmadır. Əlbəttə, bunu inkar etmək olmaz ki, bəzən inanc xurafatla qarışır və elm adamlarında din haqqında yanlış təsəvvür formalaşır. Eyni zamanda, bu stereotip süni şəkildə yaradılır, dinimizə qərəzli yanaşmanın nəticəsidir. İslam dini cahilliklə tam əks qütbdə dayanır. Dəvətini "oxu" kəlməsi ilə başlayıb, böyük bir sivilizasiyanın əsasını qoyan bir dini cahillik adlandırmaq insafsızlıqdır”.

 

mediapost.az