XƏBƏRLƏR

Hacı Şahin Həsənli İstanbulda bir sıra dini mərkəzlərdə oldu

24 Noyabr 2016 993

21-22 noyabr tarixlərində Hacı Şahin Həsənli Türkiyənin dini cameəsi ilə bir sıra görüşlər keçirdi

 

 

Noyabrın 21-i İstanbul səfəri çərçivəsində hacı Şahin Həsənli bir sıra məscidlərdə ərbəin tədbirlərində çıxış etdi. İlahiyyatçı zöhr namazından sonra İmam Əli (ə) məscidi, axşam namazından sonra isə Zeynəbiyyə məscidində moizə ilə çıxış etdi. İlahiyyatçı yerli dindarların böyük coşqusu ilə qarşılandı.

 

 

CABİR-in təşkil etdiyi və Türkiyənin din xadimlərinin qatıldığı ziyafətdən sonra hacı Şahin Həsənli Zeynəbiyyə külliyəsinin tikintisi ilə tanış oldu. Avropanın ən iri dini mərkəzi olacaq bu kompleksdə 10 min nəfərin ibadət edə biləcəyi məscidlə yanaşı mədəniyyət mərkəzi, təhsil mərkəzi, gənclər klubu, ticarət mərkəzi, mehmanxana, kitabxana, xeyriyyə təşkilatı da fəaliyyət göstərəcək.  Daha sonra ilahiyyatçı CAFERİDER  (Cəfəri İnancını Tanıtma, Araşdırma və Tədris Dərnəyi) mərkəzini ziyarət edərək qurumun sədri Sinan Kılıç və digər üzvləri ilə görüşdü. İlahiyyatçının fəal gənclərlə görüşüb müxtəlif mövzularda söhbət etməyə fürsəti də oldu.

 

 

Noyabrın 22-si hacı Şahin Həsənli “Zəhra Ana” xeyriyyə cəmiyyəti dəvət olundu. Cəmiyyətin sədri xanım Məftunə Atam öz fəaliyyətləri barədə söz açaraq müsəlman qadının ictimai fəaliyyətinin zəruriliyindən söz açdı. Qeyd olundu ki, İstanbulda fondun dəstəyi ilə Azərbaycan məktəbi açılıb. “Zəhra Ana” cəmiyyəti yoxsullara və kimsəsiz uşaqlara yardım etməklə yanaşı qadın problemlərinin həlli ilə də məşğuldur. Avropada Həzrət Fatimənin (s) mövludu ilə bağlı keçirilən ən böyük tədbir – Müsəlman Qadınları Günü və möhtəşəm Novruz şənlikləri də bu cəmiyyət tərəfindən təşkil olunur. Hacı Şahin Həsənli qadının ictimai həyatda rolunun əhəmiyyətdən danışaraq hər iki ölkənin xeyriyyəçi xanımlarının bir-birini dəstəkləməsinin gərəkliyini vurğuladı. Qeyd edək ki, xeyriyyə fəaliyyətində seçildiyinə görə Türkiyə Qızıl Aypara Cəmiyyəti “Zəhra Ana” təşkilatını xüsusi mükafata layiq bilib.

 

 

İstanbul səfəri çərçivəsində ilahiyyatçı-alim Halkalı ərazisində yerləşən Azərbaycanlılar hüseyniyyəsi adlanan ibadət ocağında da oldu. Azərbaycanlı gənclərin yaratdığı bu ocaqda söhbət edən hacı Şahin Həsənli müstəqilliyimizin ən böyük ilahi nemət olduğunu vurğulayaraq, cəmiyyət üçün təmənnasız fəaliyyətin zəruriliyi barədə danışdı.

 

 

hacishahin.az