XƏBƏRLƏR

"Böyük xalq olaraq bu faciə ətrafında birləşib gücləndik"

26 Fevral 2020 752

"Tarixi hadisələrin hər biri milli yaddaşda hansısa rəmzə çevirilir. Bu haqda bir dəfə yazmışdıq: qanlı yanvar azadlığımızın qiyməti idisə, Xocalı - azərbaycanlı olmağımızın".



Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Xocalı soyqırımı ilə bağlı bildirib. Sosial şəbəkələrdə paylaşdığı statusda ilahiyyatçı qeyd edib:



"Biz bir xalq olaraq soyqırım faciəsini yaşadıq, lakin böyük xalqlara xas olan tərzdə bu faciə ətrafında birləşib güclənməyi də bacardıq. Ləyaqətli və əzmkar gənc nəslin yetişməsi bunun bariz nümunəsidir. Ümid edirik ki, vətənpərvər gənclikdən ibarət Azərbaycan ordusu tezliklə torpaqlarımızı işğaldan azad etməklə Xocalı şəhidlərinin qisasını alacaq.


Allah şəhidlərimizə rəhmət eləsin!"


Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.



hacishahin.az