XƏBƏRLƏR

"Əli (ə) həm fərd, həm məktəb olaraq təzadların vəhdətidir"

08 Mart 2020 1391

"Yaşadığımız dönəmdə insanlığın qarşılaşdığı əsas çağırış ziddiyyətləri bir araya gətirməkdir. Azadlıq və ədalət, qətiyyət və mərhəmət, qanun və əxlaq, mənəvi inkişaf və maddi rifah arasında seçim etmək yox, bütün bunları birləşdirməkdir insanın arzusu".


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Əlinin (ə) mövludu münasibətilə paylaşdığı təbrikdə yazıb. Onun sözlərinə görə, dövrümüzün insanı ziddiyyətli arzular arasında parçalanmaq, dəyərləri bir birinə qurban vermək istəmir artıq: "Bəşəriyyət təzadların vəhdətinə söykənən, mənəvi və ictimai tələbatların balansını təmin edən nümunəyə ehtiyaclıdır. Ədalət və azadlığın hüquq və ya əxlaqdan daha dərin müstəvidə başa düşülməsinin zamanı yetişib".

İlahiyyatçının yazdığına əsasən, bütün səmavi dinlərin, siyasi ideologiya və fəlsəfi məktəblərin kökündə əslində, bu modelin axtarışı dayanır: "İnsanın özü ilə ətraf dünyası arasında harmoniyanı təmin edə biləcək həmin modelin axtarışı tarixin mühərrikidir. Ümumbəşəri sivilizasiyanın bütün nəaliyyətləri bu fitri axtarış sayəsində ərsəyə gəlib.


Burada britaniyalı xristian din xadimi Frank Culian Cellinin böyük bir şəxsiyyət haqda sözləri yadıma düşdü: "Onun hər sahədə fəaliyyəti olduqca mükəmməl olduğu üçün o, yalnız İslam çərçivəsində deyil, daha geniş mənada rəhbərlik nümunəsi idi... Bəziləri siyasəti təqvadan ayırsa da, o, heç zaman bunu etmədi".


Fransız elm tarixçisi Bernar Kara de Vo isə, onun barəsində yazırdı: "O, hadisələrin əsiri deyil, yaradanı idi... O, şücaətli, eyni zamanda ürəyi yumuşaq və həssas bir qəhrəman idi. Savaşın ən qızğın anında belə mənfəətini düşünməyən cəngavər idi. Bu dünyanın nə sərvəti, nə də ki, məqamı onu maraqlandırmazdı. Sözün əsl mənasında özünü fəda etmişdi".


Bu cümlələrdə yuxarıda qeyd olunan nümunə, model vəsf olunur. Yəqin ki, bu vəsflərin Həzrət Əliyə (ə) aid olduğunu da bildiniz. Həzrət Əlinin (ə) yolu da, şəxsiyyəti kimi heç bir qəlibə sığmır. Onun yolu insan fitrətindən, kimliyindən doğduğu üçün hamıya məxsusdur. Əli (ə) təzadların vəhdətidir. Həm bir fərd, həm bir məktəb olaraq".


Sonda Hacı Şahin Həsənli hər kəsi Həzrət Əlinin (ə) mövludu münasibətilə təbrik edib.

 



hacishahin.az