XƏBƏRLƏR

"Övliyaların şəxsiyyəti zahirən ziddiyyətli görsənir" - Zirədə mövlud tədbiri

08 Mart 2020 1546

Martın 8-i Bakının Zirə qəsəbəsində Möminlər sərvəri Həzrət Əlinin (ə) mövlud gecəsi keçirilib. Zirə və ətraf qəsəbələrin inanclıları, ağsaqqal və din xadimlərinin iştirak etdiyi tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də qatılıb.



Tədbirdə çıxış edən ilahiyyatçı mövlud mərasimlərinin, şənliklərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Öz gözəl ifaları ilə peşəkarlıq nümayiş etdirən məddahlara təşəkkür edən ilahiyyatçı bildirib ki, sənətin gücü sözün gücündən daha çoxdur.



Həzrət Əli (ə) haqda söz açan Hacı Şahin Həsənli deyib ki, Möminlər sərvəri (ə) sırf tarixi deyil, zamanımızın, hətta gələcəyin şəxsiyyətidir. Dövrümüzdə insanlar yanlış seçimlər qarşısında qalıb. Elə təəssürat yaranıb ki, maddiyyatla mənəviyyat, məhəbbətlə ləzzət, ictimai xidmətlə iman bir araya sığmır. Amma insan bu zidd görsənən nəsnələrin bir araya gəlməsini istəyir. Bu isə yalnız ilahi övliyaların rəhbərliyi ilə mümkündür. Onlar biryönlü deyil, fəzilətləri bir birinə uyğun deyil. Onların şəxsiyyəti zahirən təzadlı görsənir, çünki insani xüsusiyyətlərin fərqli cəhətlərini kamil şəkildə özlərində birləşdiriblər. Onlar elmdə də, ibadətdə də öndədirlər. Döyüş meydanında qətiyyətlə savaşır, yetim müqabilində diz çökürlər. Bu gün makiavellizmin yayıldığı bir dönəmdə, Həzrət Əli (ə) kimi mənəviyyatla siyasəti bir araya gətirən nümunəyə ehtiyac var. O, insanlara təzyiq etməklə tənha qalmaq arasında seçimlə qarşılaşdıqda, ikinci yolu seçir. Çünki, insanlıq aşiqi, insanlıq müəllimidir.



Azərbaycan xalqının Həzrət Əliyə (ə) sevgisindən danışan Hacı Şahin Həsənli Qədəmgah ziyarətgahını misal çəkib. Həzrət Əlinin (ə) Azərbaycanda olması haqda tarixi mənbələrdə məlumatolmasa da, xalq onun ayağının dəydiyi ehtimal olunan yeri əziz tutur. Bu xalqımızın fəziləti, mənəvi üstünlüyüdür. Çünki, xalqımız İmam Əlini (ə) ilahi rəngə büründüyünə görə sevir. Günümüzdə artıq dünya da Həzrət Əlini (ə) tanımağa və sevməyə başlayır.



Tədbirdə çıxış edən ilahiyyatçı Hacı Cavid Pənahlı xalqımız və dövlətimiz üçün dualar oxuyub. Daha sonra Seyid Peyman Əsədov, Seyid Mehman Hüseynov və Hacı Qədir Nəcəfov kalssiklərimizin Əhli-Beytə (ə) həsr etmiş şerlərini oxuyub, qəsidə və ilahilər ifa ediblər.



hacishahin.az