XƏBƏRLƏR

"Tibb və hüquq-mühafizə orqanlarının işçiləri bu halda oruc tutmaya bilər" - Hacı Şahin

24 Aprel 2020 632

"Hazırkı şəraitdə insanların birgə iftarlarda iştirak etməsi qeyri-mümkündür"


"Bu il Ramazan ayı pandemiya dövrünə təsadüf etdiyindən dini ayinlər xüsusi karantin rejiminin qaydalarına uyğun şəkildə icra olunmalıdır".


Bu sözləri “MediaPost”a açıqlamasında Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O bildirib ki, QMİ-nin Ramazan ayının gəlişi ilə bağlı fətvasında da qeyd olunub ki, hazırkı şəraitdə insanların birgə iftarlarda iştirak etməsi qeyri-mümkündür:

 

“Ona görə hər bir insan öz ailəsi ilə birgə iftar açacaq. Hər il QMİ tərəfindən iftar süfrələrİ təşkil olunurdu. 2020-ci ildə bu mümkünsüz olduğundan iftar süfrələri üçün yardımlar ediləcək. Ümumiyyətlə, indiyə qədər bizim icmamız tərəfindən mindən artıq insana ərzaq yardımı edilib və Razmazan ayı boyunca bu yardımlar aztəminatlı ailələrə göstəriləcək. QMİ tərəfindən mütləq imkansız insanlara ərzaq yardımı ediləcək. Yardım kampaniyası ayın əvvəlindən sonuna qədər davam edəcək.

 

Ümumiyyətlə, biz imkanlı şəxsləri iftar süfrələri üçün insanlara yardım göstərməyə çağırırıq. Bir sıra dövlət qurumları bu yardımlar edir. Bununla yanaşı adi insanlar, vətəndaşlar və dini icmalar da bu yardımları göstərəcəklər. Belə bir şəraitdə iftar süfrələrinin evdə təşkil olunması üçün QMİ olaraq əlimizdən gələni edəcəyik”.

 

Hacı Şahin bildirib ki, pandemiya dövründə xüsusi risk qrupunda olan şəxslər oruc tutmaya bilər:

 

“Məlum olduğu kimi oruc bütün müsəlmanlara vacib olan bir ibadətdir. “Qurani-Kərim”də qeyd olunur ki, oruc sizdən öncəkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə təqvalılardan olasınız. Amma həmin bu ayələrdə Quran kimin oruc tutmamasının lazım olduğunu bildirir. Bura xəstə, yaşlı insanlar, hamilə qadınlar, süd verən analar, səfərdə olanlar daxildir. Elə xəstəliklər var ki, orucun tutulması o xəstəliklərin güclənməsinə səbəb olur. Yəni həkimlər bəzi xəstələrə oruc tutmağı məsləhət bilmirlər. Koronavirus pandemiyasının yayıldığı bir dövrdə xəstələrlə təmasda olan tibb işçiləri , hüquq-mühafizə orqanlarının əməkdaşları risk qrupuna aid olan şəxslər oruc tutmaqla immunitetlərinin zəifləyəcəyini və buna görə yoluxacaqlarını ehtimal edirlərsə, o zaman oruc tutmaya bilərlər. Amma ümumilikdə, digər insanlar oruclarını tutmalıdırlar. Onu da qeyd etmək lazımdır ki, bir sıra tibb mütəxəssisləri də məhz orucun immunitetin güclənməsinə xidmət etdiyi fikrini irəli sürürlər. Yəni oruc bütün hallarda immunitetin zəifləməsinə gətirib çıxarmır. Düzgün qaydalara riayət olunaraq oruc tutularsa, o zaman bu, immunitetin güclənməsi ilə nəticələnər. Amma hər bir halda xəstələrlə təmasda olan insanlar oruc tutduqları halda zəifləyib yoluxma təhlükəsi hiss edirlərsə, həkimlər də bunu tövsiyə edirsə, elə bir halda oruclarını poza bilərlər”.

 

hacishahin.az