XƏBƏRLƏR

Bu il Ramazan ayinlərini necə yerinə yetirə bilərik?

24 Aprel 2020 965

Sabahdan Azərbaycanda Ramazan ayı başlayır. Bu ayda insanlar kütləvi şəkildə iftar süfrələri ətrafına yığılır, məscidlərdə toplaşıb birlikdə dualar edirlər. Məlumdur ki, bu il koronavirus pandemiyasının sosial həyata gətirdiyi məhdudiyyətlər hələ davam edir. Bir necə ərəb ölkəsində Ramazan ayının başlanması ilə əlaqədar karantin rejimində müəyyən yumşalmalar olsa da, bunun səbəbi həmin bölgələrdə koronavirusun demək olar qeydə alınmamasıdır. Ölkəmizdə isə karantin rejimi davam edir. Bu il Ramazan ayında dini ayinlərin yerinə yetirilməsi necə olacaq? Bu məsələdə insanlar nəyə əməl etməlidir?

 

Lent.az -ın mövzu ilə bağlı suallarını cavablandıran din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli bir sıra məqamlara aydınlıq gətirib: "Qafqaz Müsəlmanları İdarəsinin fətvasında da qeyd olunub ki, bu il Ramazan ayı ilə bağlı dini ayinlər evlərdə keçiriləcək. Yəni, hər bir insan öz ailəsi ilə keçirəcək. Evlərdə kütləvi toplaşma nəzərdə tutulmur. Hər kəs iftar vaxtında öz ailəsi ilə süfrə arxasına əyləşsin. Məscidlərdə gündəlik tədbirlər keçirilirdi, çıxışlar olurdu. Bu il belə tədbirlər keçirilməyəcək. Qədr gecəsində də insanlar evlərində dualarını edə bilərlər".

 

Ş.Həsənli bildirib ki, qarşıdakı günlərdə karantin rejimində müəyyən dəyişiklik olarsa, o zaman bu sahədə də dəyişiklik edilə bilər: "Amma hazırda indiki şəraitə uyğun olaraq sosial məsafəni gözləmək zərurəti yarandığından özünütəcrid qaydalarına riayət etmək vacibdir. Hazırda məscidlər fəaliyyətlərini müvəqqəti dayandırıblar. Əgər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrində dəyişiklik olarsa, ona uyğun məscidlərin də fəaliyyəti tənzimlənəcək. Amma hələ ki bu tədbirlərin evdə keçirilməsi, insanların duaları öz ailəsi ilə etməsi daha məqsədəuyğundur. Bəli, adi halda duaların cəm halda edilməsi daha bəyəniləndir. Ayinlərin məscidlərdə yerinə yetirilməsi daha bəyənilən haldır. Amma indiki şəraitdə insanların sağlamlığının qorunması üçün mütləq evdə qalmaq lazımdır. Dinimizin də bu kimi hallarda göstərişləri var.

 

"Quran" buyurur ki, özünüzü təhlükəyə atmayın. Bir insan özünə və ətrafdakılara təhlükə yaradırsa, bu artıq ibadət sayılmır. İnsan başqa insanın hətta ölümünə səbəb ola biləcək addım atırsa, həmin insanın qatili sayıla bilər. "Qurani-kərim" buyurur ki, kim bir insanı öldürürsə, insanlığı öldürmüş kimidir. Ona görə də belə bir situasiyada biz ibadətlərimizi evdə, fərdi qaydada edə bilərik. Qeyd etdiyim kimi, karantin rejimində yumşalma olarsa, QMİ-də buna uyğun olaraq müvafiq qərarlar qəbul edəcək".

 

hacishahin.az