XƏBƏRLƏR

Kitabxananın canlı yayımının qonağı Hacı Şahin Həsənli oldu

26 Aprel 2020 943

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar müvəffəqiyyətlə davam edir. Növbəti belə görüş azərbaycanlı ilahiyyatçı - din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli ilə keçirilib.

 

Respublika Kitabxanasının təşkilatçılığı ilə sosial şəbəkələr üzərindən keçirilən canlı yayına - 5890 nəfər izləyici qatılıb.

 

İlahiyyatçı Hacı Şahin, ilk növbədə, müqəddəs Ramazan ayı haqda məlumat verib, oruc tutmanın qaydaları və əhəmiyyətindən söhbət açıb. Qonaq canlı yayın zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın Hüquq İnformasiya Şöbəsinin müdiri Günay Həsənovanın da suallarını cavablandırıb.

 

Hacı Şahin təsisçisi olduğu “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin fəaliyyət aspektləri haqqında geniş məlumat verib, həmçinin çap olunan dini kitablar və ümumilikdə ölkəmizdə dinə olan münasibət haqqında maraqlı fikirlər söyləyib.

 

Qeyd edək ki, Respublika Gənclər Kitabxanasının “Facebook” və “Instagram” səhifəsində kitabxananın əməkdaşları tərəfindən hazırlanmış ilahiyyatçı - din xadimi Hacı Şahin Həsənlinin həyat və fəaliyyəti haqqında videoçarx yerləşdirilib.

 

 

AZƏRTAC