XƏBƏRLƏR

Qədr gecələri ilə bağlı elan!

30 Aprel 2021 10990

Bu il Qədr gecələri may ayının 1-dən 2-nə, 3-dən 4-nə, 5-dən 6-na keçən gecələrə təsadüf edir. Gecələr gün batanda başlayır və sübh azanına qədər davam edir.

 

Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah-Təala diqqətimizi iki məsələyə yönəldir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına.

 

Karantin rejimini nəzərə alaraq, Məşədi Dadaş məscidi dini icması səhərə qədər əhya saxlayanlar üçün online proqram hazırlayıb:

 

22:30 - Qurani-Kərimin tilavəti (Müslüm Qəhrəmanov)

22:35 -  Xütbə (Hacı Şahin Həsənli)

23.30 - Qədr gecəsi duaları (Hacı Şahin Həsənli)

00:00 - Fasilə

01:00 - Dualar (Hacı Teymur Nəsirov)


1, 3, 5 may tarixlərində eyni proqramı Hacı Şahin Həsənlinin rəsmi YoutubeFacebook və İnstagram hesablarından izləyə biləcəksiniz.


Qədr gecəsi Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quran nazil olub. İslam alimlərinin bildirdiyinə görə, Qurani-Kərim peyğəmbərimizin (s) mübarək qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. Yəni Həzrət Peyğəmbər (s) hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəmişdi. 


Ərəbcə “Leylətül-Qədr” ifadəsi azərbaycanca həm də “müqəddərat gecəsi” anlamına gəlir. Dinimizə əsasən, insanın taleyi öz əlindədir və atdığı hər addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsirinə çevirilir, keçmişdə etdikləri əməllərin qurbanı olur. Qədr gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtulsunlar və müqəddəratlarını dəyişsinlər. Ona görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir. 

 

Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Daha doğrusu, onlardan yalnız biri Qədr gecəsi olsa da, hər gecə bir biri ilə bağlıdır. Bu gecələr əhya saxlanıldığından onlara həm də “əhya gecələri” deyilir. “Əhya” ərəbcə “diriliş, dirçəliş” deməkdir.


Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri həm də şəhadət günlərinə təsadüf edir. 19-cu gecə İmam Əli (ə) namaz üstündə zərbələnib, 21-ci gecə isə şəhid olub. Odur ki, bu gecələrdə həzrət Əlini (ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək gərəkdir. Bu gecə Allaha xatir sadəcə yatmamaq savabdır, ibadətsiz olsa belə.

 

Qeyd edək ki, Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Lakin, bununla belə Qədr gecələrinin əməlləri vacib deyil, bəyəniləndir.

 

 

hacishahin.az