"Bu il mübarək Ramazan ayını xüsusi şəraitdə keçirdik. Bununla belə, bu müqəddəs ayın mənəvi fəzası əksilmədi ki, çoxaldı. Hər il bu ilahi ayda könüllü şəkildə ibtidai ehtiyaclarımızdan imtina edirik ki, həyatı, bir-birimizlə münasibəti, malik olduğumuz nemətləri yenidən dəyərləndirək. Dəyərləndirək və həyatı daha dolğun yaşayaq".
Bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli öz rəsmi Facebook və İnstagram səhifələrində təbrik paylaşıb. Onun sözlərinə görə, bu il orucun məhrumiyyəti ilə yanaşı, karantin rejiminin qadağalarına da riayət etdik. Eyni zamanda ölkə boyunca hər kəs imkansız ailələrə yardım əlini uzatdı. Bu bizim bir xalq olaraq bir-birimizə qarşı məsuliyyətli və mehriban olduğumuzu göstərdi. Bu da bizim İlahidən ən böyük nemətimizdir:
"Artıq Ramazan ayı başa çatdı. Bu ayrılığın acısını yalnız Fitr bayramının sevinci sovuşdura bilər. Fitr bayramı özümüzə və gələcəyimizə bir ümiddir. Müqəddəs Ramazan ayındakı halımızın bütün ömrümüzə sirayət edəcəyinə bir ümid. Allahdan diləyirəm ki, həm özümüzün, həm xalqımızın, həm də bütün bəşəriytətin taleyi ilə bağlı gözəl ümidlər doğrulsun.
Hamınızı bir daha təbrik edir, bol-bol sevinc və uğur arzu edirəm!"
hacishahin.az