İlahiyyatçı Hacı Şahin Həsənli postkorona dövrü haqda fikirlərini sosial şəbəkələrdə paylaşıb. O, yazdığı statusda insan kimliyi, qanun və əxlaq fəlsəfəsi, habelə bu günlərdə cəmiyyəti narahat edən bir sıra məsələlərə toxunub:
Koronavirus infeksiyasının yayılmağa başladığı ilk günlərdə bir sıra siyasətçilər yeni dünya düzəninin yaranacağı haqda proqnozlar verməyə başladılar. Dəyişikliklərin nədən ibarət olduğu tam aydın olmasa da, bu barədə verilən bəyanatlar ciddiyə alınmalıdır.
Fridrix Nitşenin məşhur “Allah öldü” fikri modernizmin din və sakral olan hər şeyə qələbəsini ifadə edirdisə, günümüzdə proseslər əks istiqamətdə cərəyan edir: "Allah həmişəvar və qalibdir!"
Koronavirus qlobal idarəetmə sisteminin ciddi nöqsanlarını üzə çıxardı. Məncə, bu sistem tədricən öz funksionallığını itirməkdədir. Bu isə, liberal paradiqmanın böhranı ilə bağlıdır. Adətən çoxumuz Qərbin nailiyyətləri haqda danışırıq, amma bu nəticələrə hansı yolla gəlindiyinə diqqət etmirik. İctimai münasibətlərin sırf hüquqla tənzimlənməsi insan kimliyinin yanlış başa düşülməsinin nəticəsidir. T. Hobbsun “insan insanın canavarıdır”, C. Lokkun isə insan haqda irəli sürdüyü “təmiz lövhə” düşüncələri nəticəsində formalaşan “İctimai müqavilə”nəzəriyyəsi bu gün də insanlararası və beynəlxalq münasibətlərin əsasını təşkil edir. Qısa desək, ictimai münasibətlərdə qanunun yükü əxlaqın yükünü üstələyir. Hüquqi dövlət də məhz hüququn əxlaqı üstələdiyi dövlət modelidir. Bu model böhran mərhələsinə daxil olur və bu böhran dərinləşməkdə davam edəcək.
Düşünürəm ki, peyğəmbərlərin missiyası məhz bu sistemə alternativ təqdim etməkdən ibarət olub. İnsanlar arasında münasibətlərin bütün növləri sırf qanunla deyil, daxili mənəvi mexanizmlə tənzimlənməlidir. Belə bir mexanizm olmadıqda, insan kənardan tətbiq edilən qadağalarla lazım olan davranışa vadar olur, bu isə, insanı günü gündən öz kimliyindən daha çox uzaqlaşdırır.
Həmin daxili tənzimləmə mexanizmi dini terminologiyada “təqva” sözü ilə ifadə olunur. Təqva - daxili məsuliyyətdir və insanın fəaliyyətinin əsasını təşkil etməlidir. İnsan yırtıcı xislətli və yaxud ağ kağız mahiyyətli bir varlıq deyil. İnsanın kimliyini sırf ictimai formasiya və yaxud sosial münasibətlər sistemi formalaşdırmır. İnsan dünyaya gəldikdə artıq gözəlliklərin mədəni kimi doğulur.
“Biz insanı gözəl biçimdə yaratdıq...”
“Ona öz ruhumdan üfürdüm...”
Ömür insana bu gözəllikləri qoruyub inkişaf etdirmək üçün verilir. Qoruyucu mexanizm isə, “təqva” adlanır. Təqvanı təkcə fərdi əxlaqi keyfiyyət kimi yox, həm də ictimai münasibətləri tənzimləyən mexanizm kimi təqdim etməyin zamanı çatıb. Həzrət Əli (ə) oğlanlarına vəsiyyətində buyurur:”Sizə təqvalı və işlərinizdə nizamlı olmağı tövsiyə edirəm”.
Göründüyü kimi burada ictimai nizamın qaynağı hüquq deyil, mənəviyyatdır. Əlbəttə, hüququn gərəkliyini inkar etmək fikrində deyiləm. Ola bilər ki, bu yanaşma abstrakt və praktiki tətbiqi mümkün olmayan bir yanaşma kimi qəbul olunsun. Amma bu nəzəriyyənin praktiki mexanizmləri işlənib hazırlanmalı və elmi əsaslarla təqdim olunmalıdır. “Vilayət”, “təqva” və s. kimi anlayışlar sırf əqidə əsası və yaxud əxlaqi dəyər kimi yox, ictimai fenomen kimi araşdırılmalıdır. İnsanı qanunlarla mühasirəyə alıb nümunəvi davranışa vadar etmək artıq effektiv metod kimi görünmür. Alternativ təqdim olunmalıdır və düşünürəm ki, bu alternativi təqdim etmək üçün din alimlərinin çalışma zamanı çoxdan gəlib çatıb. Mənfəətmərkəzli sistemə alternativ olaraq vilayət, yaxud “eşqmərkəzli” münasibətlər sistemi təklif olunmalıdır. İntizar fəlsəfəsinin əsasını da bu dünyagörüşü təşkil edir.
Əsrlərdir müsəlmanlar tarixin “qızıl dövrünün” intizarındadırlar, amma gözlələdikləri dövr barədə təsəvvürləri utopik xarakter daşıyır. İnsanlar nəyi gözlədiklərini anlamır, bu səbəbdən də passiv gözləmə halındadırlar. İntizarın mahiyyəti gələcək haqqında aydın təsəvvürə malik olub onun üçün çalışmaqdır.
Ümumiyyətlə, din müasir dövrün çağırışları ilə səsləşmədikdə, yorucu əxlaqi nəsihətlər məcmuəsinə çevrilir və öz praktiki əhəmiyyətini itirir. Belə bir din düşünən beyinləri cəzb etmək gücündə deyil. Ona görə də gəncləri mütaliəyə və düşünməyə dəvət edirəm.
P. S. Mövzuya birbaşa aid olmasa da, statusun yazılmasına həm də iki günlük karantin tədbirləri və insanlarımızın bu tədbirlərə münasibəti səbəb oldu. Məncə, qadağalardan daha çox insanlara ictimai məsuliyyət aşılanmalı, vəziyyət haqqında dolğun məlumat verilməlidir. Arzuolunan nəticəyə sırf cəzalarla yox, adekvat davranışı zəruri edən mənəvi məsuliyyətlə çatmaq olar. Hədislərdə deyildiyi kimi, insan bilmədiyinin düşmənidir. Bu səbəbdən məsələnin mahiyyəti insanlara aydın dildə izah olunmalıdır ki, əlavə məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmasın. Bu işə cəmiyyətdə nüfuz sahibi olan insanlar cəlb edilməlidir. Zorla, hətta qanunun zoru ilə də müsbət nəticənin əldə ediləcəyinə inanmıram. İndiki zamanda cəmiyyətdə gərginliyin yaranması qəti şəkildə yolverilməzdir. Bu haqda daha geniş yazmaq olar, amma hələlik bu yazılanlarla kifayətlənirəm.
hacishahin.az