XƏBƏRLƏR

"İnsanların şadlığını qısqanmamalıyıq" - Hacı Şahin Həsənli

01 İyun 2020 709

İlahiyyatçı Hacı Şahin Həsənli dini təfəkkürdə dəyişikliklərin zərurəti haqda sosial şəbəkələrdə fikirlərini bölüşüb. İlahiyyatçı yazıb:

 

Uca Allaha aid etdiyimiz “əxlaq polisi” statusundan imtina etməsək, din anlayışımız düzəlməyəcək. Allah ləzzət tərəfdarıdır, qadağan etdikləri insanı ləzzətdən məhrum edən nəsnələrdir. Şad bir insan gördükdə ilk təəssüratımız çox önəmlidir. İnsanın şadlığı bizi narahat etməməlidir, narahat olmalı olsaq şadlığının səbəbinə görə narahat ola bilərik. Sevinci səthi və məhduddursa, daha artıq sevincdən məhrum olduğuna görə narahat olmalıyıq, sevindiyinə görə yox.

 

Bir dəfə bunu yazmışdım: “ Allah övliyalarından olan bir alim bir neçə nəfərlə dəniz kənarında istirahət edir. Yaxınlıqda başqa bir dəstə insan spirtli içki qəbul edib əylənir, qəhqəhəli gülüş səsləri ətrafa yayılır. Allah dostunun yanındakılar qəzəbli halda deyirlər: ustad, onlar üçün bəd dua edin, istirahətimizə mane olurlar. Arif şəxs əlini duaya qaldıraraq deyir: “ İlahi, dünyada şad olduqları kimi, axirətdə də onları sevindir”. Yəni sevinclərinin səbəbini dəyiş ki, daha artıq şad olsunlar. Çünki axirət sevinci dünyadakı sevincin davamıdır.

 

İnsanların şadlığı bizi qıcıqlandırırsa, xəstəyik. Xəstəliyimizi dini süarlarla ört-basdır edib kin və qəzəb püskürməyək. İnsana alternativ ləzzət və sevinc yolları göstərək, ləzzətini qısqanmayaq.

 

 

hacishahin.az