XƏBƏRLƏR

Dilavər Əzimli: "Hacı Şahin kimi ruhanilər İslamda vəhdət yaradırlar"

06 İyul 2020 974

Dilavər Əzimli: “...ötən il Hacı Şahinin rəhbərliyi altında Ərbəinə gedən Azərbaycan zəvvarları hamısı eyni köynək geymişdi. Göynəyin önündə Qarabağ yazılmışdı. Arxasında isə şəhidlərimizin şəkilləri... Hacı Şahinin rəhbərliyi altında Azərbaycan zəvvarları Kərbəlada belə ölkəmizin bayrağını qaldırdılar....”


Son zamanlar ölkəmizin ictimai-siyasi, mənəvi simalarını sosial şəbəkələrdə təhqiretmə kampaniyasına qarşı artıq Azərbaycan ziyalıları birlik nümayiş etdirməkdədir. Xatırladaq ki, qarayaxma kampaniyası indi də ölkənin nüfuzlu ilahiyyatçı alimi Hacı Şahin Həsənlini hədəfə alıblar. Birlik.az saytı mövzu ilə bağlı bu dəfə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dilavər Əzimlidən münasibət öyrənib. O bildirib ki Hacı Şahin Həsənlinin artan nüfuzu həm burada qara qüvvələri, həm də xaricdə olan qüvvələri narahat edir:

 

“Uzun illərdir ki, Bakı İslam Universitetində dərs deyirəm. Bu tədris ocağına hörmətli Sabir Həsənli rəhbərlik edir. Bu tədris ocağında Azərbaycan ruhaniləri yetişir. Bu gün inamla deyə bilərik ki, Azərbaycanın özünəməxsus ruhani təbəqəsi yetişmişdir. Bu təbəqənin önündə gedənlərdən biri də Hacı Şahin Həsənlidir. Bu insanla münasibətlərimiz sosial şəbəkədən quruldu. Vətənpərvər milli ruhani olan Hacı Şahin həm də tariximizin bilicisidir. Onunla tanışlığımın əsas səbəbi də qulaq asdığım dini mühazirələri idi. Bu insanın dini mühazirələri məni valeh etmişdi... Çox keçmədi ki, onunla görüşdük və bu da şəxsi dostluğa çevrildi. Qarşımda kamil bir insan gördüm... Bu gün müəyyən qüvvələr artıq Hacı Şahini də hədəf alıblar. Onun haqqında çox yazardım... Amma indi məqsədim o deyildir. Məqsədim ona qarşı olan hücumların mənbəyini axtarmaqdır. Bu adamlar nələr etdiklərinin fərqindədirlərmi?"

 

Tarixçi-alim Dilavər Əzimli həmçinin bildirib ki, dünya xalqları öz mənəvi insanlarına dəyər verir: "Görün, Avropada yaşayan bir erməni öz ruhanilərini bu cür təhqir edirmi? Biz millət olaraq formalaşa bilmirik. Bu da öz fəsadını göstərir. Maraqlıdır, nəyə görə indi Hacı Şahinə qarşı belə hücumlar oldu? Buna bir cavab vardır: Onun artan nüfuzu həm burada onu sevməyənləri, həm də xaricdə olan qüvvələri narahat edir. Daxildə olan qara qüvvələr üçün ağıllı din xadimi olmamalıdır, çünki onların yalan missiyaları ifşa edilərək biabır olurlar. Xaricdəki qüvvələr isə bu cür insanı ona görə zərəsizləşdirmək istəyirlər ki, Hacı Şahin kimi ruhanilər İslamda vəhdət yaradırlar. Bununla belə, onların bu fəaliyyəti Hacı Şahini gözdən sala bilməz. Onun bir çıxışını milyona yaxın insan izləyir. Sonda o qüvvələrə xatırladım ki, əziyyət çəkməsinlər. Çünki ölkə rəhbərliyi Hacı Şahin kimi din alimlərinə böyük sayğı ilə yanaşır."

 

Tarixçi-alim Dilavər Əzimli Hacı Şahin Həsənlinin xaricdə də ölkəmizi layiqincə tməsil etməsini vurğulayıb:

"Son olaraq deyim ki, ötən il Hacı Şahinin rəhbərliyi altında Ərbəinə gedən Azərbaycan zəvvarları hamısı eyni köynək geymişdi. Göynəyin önündə Qarabağ yazılmışdı. Arxasında isə şəhidlərimizin şəkilləri... Hacı Şahinin rəhbərliyi altında Azərbaycan zəvvarları Kərbəlada belə ölkəmizin bayrağını qaldırdılar. Bu cür insana qarşı o cür təbliğat aparmaq, həm də bütün milli düşərgəyə qarşı təbliğat aparmaq deməkdir!!!”"

 

Vüsal Azəri

 

birlik.az