Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli düşünür ki, vətənpərvərlik təbliğatının ən əsas hissəsi şəhidlərin xatirəsinin əbədiləşdirilməsidir: "Son döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Bunların içində də general Polad Həşimov özünəməxsus yer tutur. Ümumiyyətlə vətənpərvərlik təbliğatının ən əsas hissəsi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ola bilər.
Çünki şəhidlər örnək kimi təqdim olunarsa, bu, gənclərdə vətənpərvərlik hisslərini oyadar və inkişaf etdirər. Vətənpərvərlik haqqında nəzəri mövzulardan çox bu nümunələrin təqdim olunması daha təsirli olur. Fikrimcə, son döyüşlərin xatirəsini əbədiləşdirmək üçün bütün şəhidlərimiz, o cümlədən generalımız haqqında xüsusi bir filmin hazırlanması çox təqdirəlayiq addım olar.
Sosial şəbəkələrə baxdıqda bir çox insanların general haqqında xatirələrini oxuyuruq və görürük ki, bu insan özünəməxsus həyat tərzi ilə seçilən bir şəxsiyyət olub. Onun həm döyüş bacarığı, həm şücaəti, həm də insanlığı gənclərimizə örnək ola bilər. Çünki şəhid olmaq üçün ilk növbədə şəhid adına layiq yaşamaq lazımdır. General Polad Həşimovun həyatı da bu baxımdan insanlarımıza örnək ola bilər.
Bu səbəbdən yüksək səviyyədə bir filmin hazırlanmasının tərəfdarıyam. Onun həyatının müxtəlif epizodlarını əks etdirən bədii film ola bilər".
hacishahin.az