"Hacı Şahinin kitabını oxuyandan sonra, şad oldum ki, ölkəmizin dini çevrəsində duyğularla yanaşı düşüncələri də inkişaf etdirmək cəhdləri artır", - Erkin Qədirli.
Millət vəkili ilahiyyatçı Hacı Şahin Həsənlinin kitabı haqda fikir bildirərkən yazıb:
"İş elə gətirdi ki, son aylarda Hacı Şahinlə bir yazışma ünsiyyətimiz quruldu. Onunla şəxsən hələ tanış deyiləm (görüşməmişik, danışmamışıq). Güman ki, bir gün görüşərik.
Yazışmamız onun mənə bir təbrik məktubundan başladı. Elə də davam etdi. Çeşidli bayramlarda bir-birimizi məktubla təbrik edirdik. Hər dəfə birinci onun təbriki mənə yetişirdi, sonra mən cavab yazırdım. Qurban Bayramında mən onu birinci təbrik etdim və cavabında o, qarşılıqlı təbriklə yanaşı, "Haradan Başlamalı" başlıqlı kitabını mənə yolladı. Bu gün onun kitabını oxuyub bitirdim. Kitab haqqında düşüncələrimi yaxın günlərdə özünə yazaram. Burada yalnız onu bildirim ki, kitab bəlli bir oxucu kütləsi üçün yazılsa da, dindar olmayan, hətta atesit olan kəslər üçün də maraqlı və düşündürücü ola bilər. Hər halda, mənə elə gəldi.
Dünyəvi dünyagörüşlü olsam da, dinə, onun tarixinə və fəlsəfəsinə marağım hər zaman olub. Sadəcə, mənim marağım dünyəvidir. Dünyəvi fəlsəfənin dini fəlsəfədən faydalandığı məlumdur. Dini fəlsəfənin də dünyəvi fəlsəfədən faydalandığı az olmayıb. Qarşılıqlı tənqiddən daha çox dünyəvi fəlsəfənin udduğunu düşünməyə vərdiş etsək də, dini çevrələrdə düşüncə inkişafını izləməyi unutmamalıyıq. Uşaqlıq illərindən dost olduğum Hacı İlqarla belə mövzularda çox söhbətlərimiz olub. Hacı Şahinin kitabını oxuyandan, daha öncə də onun bir neçə videosuna baxandan sonra, şad oldum ki, ölkəmizin dini çevrəsində yalnız duyğuları deyil, düşüncələri də inkişaf etdirmək cəhdləri artır. Ümid edirəm, bu cəhdlər yalnız dini çevrənin içində qalmaz və ölkəmizdə bir gün dini və dünyəvi düşüncələrin görüşdüyü (qovuşduğu və ya toqquşduğu) mövzularda gerçəkdən azad və qarşılıqlı hörmət üzərində qurulmuş müzakirələr başlayar. Qərbdə bunun faydasını çoxdan anlayıblar. Hər şeyə ateist-dindar qarşıdurmasının gözüylə baxmağın toplum üçün yararlı olmadığı da anlaşılır. Onsuz da, bu və ya başqa şəkildə, hamı Allahı düşünür. Biriləri onun varlığını düşünür, başqaları - yoxluğunu. Önəmli olan odur ki, Allahı düşünmədən düşüncəni inkişaf etdirmək olmur".
Visiontv.az