"İmam Hüseyn (ə), Aşura Azərbaycan xalqının ortaq dəyəridir. Azərbaycan nadir ölkələrdəndir ki, xalq Əhli-beyti başının üzərinə qaldırıb, onu başının tacı hesab edir".
Bu fikirləri "Məşədi Dadaş" məscidinin axundu ilahiyyatçı-alim Hacı Şahin Həsənli bildirib.
İlahiyyatçı deyib ki, İmam Hüseyn (ə) bizim üçün böyük Kərbəla məktəbi qoyub, insanlığa dərs verib, həyatın amalını başa salıb.
İlahiyyatçı Hacı ŞAhin Həsənli həmçinin əlavə edib ki, Bu gün həm də bütün şəhidlərin yad edilən günüdür. Çünki bu gün Seyidüş-şühəda qətlə yetirilib. Ona görə də bütün mərasimlərdə torpaqlarımızın azadlığı uğrunda, Qarabağımızın uğrunda canından keçənləri yad etməliyik. Əziz şəhidlərimizin əziz xatirəsini bu məclisdə mütləq yad etməliyik. Çünki torpaqlarımız uğrunda canından keçənlərin ilham mənbəyi İmam Hüseyn (ə) məktəbi və onun Kərbəlasıdır.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi pandemiya ilə bağlı karantin tədbirlərinə görə builki Aşura mərasimlərini məscid və ziyarətgahlarda deyil, fərdi şəkildə keçirməyə çağırıb.
Bununla əlaqədar olaraq bir çox şəxs fərdi yaşayış evlərinin qarşısında karantin qaydalarına əməl etməklə kiçik ehsan süfrələri təşkil ediblər. Bildirək ki, Məhərrəm ayı ərzində, eləcə də Aşura günündə ehsan vermək, imkansızlara yardım əli uzatmaq savab əməllərdən sayılır.
Sonda bir daha qeyd edək ki, Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ildə) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib.
interaztv.com