XƏBƏRLƏR

Prezidentin köməkçisi din xadimləri ilə görüşdü

04 Sentyabr 2020 657

Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib.


Görüşdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə yazıb:


"Dünən Gəncə şəhərinə səfərimiz oldu. "İmamzadə" kompleksində Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, onun köməkçisi Anar Ələkbərov din xadimləri ilə görüş keçirdi. Görüşdə dövlət-din münasibətlərində əldə olunmuş nailiyyətlərlə yanaşı, dini sahəyə aid olan aktual mövzular, çatışmazlıq və nöqsanlar da geniş müzakirə olundu. Bundan əlavə, dindarları maraqlandıran bir sıra məsələlər haqda, o cümlədən məscidlərin fərdi ibadət üçün açılması, məhərrəmliklə bağlı bəzi təkliflər ətrafında fikir mübadiləsi apardıq.
Anar müəllim bütün çıxışları diqqətlə dinlədi, qaldırılan bütün məsələlərin dövlət rəhbərliyinin diqqətinə çatdırılacağını, həmçinin bu kimi görüşlərin bundan sonra mütəmadi keçiriləcəyini bildirdi. Şəxsən mən görüşdən razı qaldım. Səmimi və səmərəli görüş üçün Anar müəllimə təşəkkür edirəm. Əziz gəncəlilərə də qonaqpərvərliyə görə ayrıca təşəkkür".




hacishahin.az