İlahiyyatçı Hacı Şahin Həsənli şəhid Emil Qurbanovun anım mərasiminə qatılmaq üçün Lənkərana səfər edib.
Məclisdə çıxış edən ilahiyyatçı bildirib ki, insanın dəyərlərə bağlılığı ibadətlə, sözlərlə, hətta yaxşı işlərlə müəyyən olunmur: "Tarixdə bir çox böyük cinayətlər məhz ibadət və yaxşılıq edənlər tərəfindən törədilib. Məsələn, gecələri namaz qılıb gündüz oruc tutan İbn Mülcəm. Yaxud Quran təfsirçisi kimi tanınan ibn Səd və ya dəfələrlə Həccə piyada gedən Şimr. İnsan yaxşı işlərinin, ibadətlərin arxasında gizlənə bilər. İnsanın dəyəri və dəyərlərə bağlılığı onun dəyərli insanlara münasibəti ilə meəyyən olunur.
Özündə olmayan fəzilətə sahiblənmiş övliyalara münasibət insanın fəzilətə bağlılığını, xeyirxahlıqda səmimiliyini göstərir. Özündə olmayan fəziləti başqasında görüb paxıllıq edən isə, nə qədər yaxşı iş görsə də, səmimi deyil. Belə fəzilət sahiblərindən bir dəstə də şəhidlərdir. Şəhidlərə münasibət mənəviyyat göstəricisidir, ona ehtiram ibadətdir. Şəhid "mən" çərçivəsindən çıxır, qanı ilə bütün həyati suallara cavab verir, Allaha bağlılığını təsdiqləyib.
Kərbəlada İmam Hüseyn (ə) hər bir şəhidin başı üstünə gəlirdi. Şəhid valideyinləri bilməlidirlər ki, onların övladları qərib olmayıb, başlarının üstünə İmam Hüseyn (ə) özü gəlib. Çünki, Kərbəla qoşunun siyahısı tamamlanmayıb, hələ də açıqdır. Bizim şəhidlər də bu cərgəyə qoşulub. Şəhidlərimiz yaşamağa hamıdan çox layiq, hamıdan çox uğurlu həyat yaşayandırlar. Bu səbəbdən onların canlarından keçməsi böyük əhəmiyyət kəsb edir. Onlar mənəvi dəyərlərimizi yaşadır, bizim kimliyimizi qoruyur. Şəhidlərin də xatirəsini yaşatmaq, onların ailələrinə ehtiram göstərmək vacibdir. Onlar Qiyamət gününün şəfaətçisidir ki, hər kəs onlara qibtə edəcək. Onsuz da həyat tez keçir, onsuz da ölüm qaçılmazdır, bir qədər yüksəkdən baxsaq, dünyanın dar çərçivəsindən çıxsaq şəhidlərin necə uğur qazandığını görə biləlirik. Allah üçün yaşayan insanların hər anı zövqlə keçir, şirin olur. Sonda da Allah onlara müraciət edir: "Ey aram olmuş qəlb, qayıt Rəbbinə tərəf bir halda ki, O, səndən razıdır, Sən də Ondan. Daxil ol bəndələrimin cərgəsinə". Bu səbəbdən ilahi övliyaların da ən böyük arzusu şəhidlik olub.
Döyüş bölgəsindən elə xəbərlər gəlir ki, hətta düşmən əsgərimizin fədakarlığına heyran qalır. Əsgərlərimiz böyük möcüzə yaratdı bu savaşda. Bu gün də Şuşa şəhəri azad olunub, şəhidlərimizin ruhu şad olub".
İlahiyyatçı şəhidlərin ruhu, ordumuzun qüdrəti üçün dualarla çıxışını tamamlayıb. Daha sonra Hacı Şahin Həsənli şəhid Emil Qurbanovun ailəsini ziyarət edib.
Xatırladaq ki, şəhidlərin anım mərasimlərinə qatılmaq və onların ailələrini ziyarət etmək məqsədi ilə Ağcabədi, Ağsu, Cəlilabad, Göyçay, Gəncə və Masallıya səfər edib.
hacishahin.az